Əziz dostlar!
Hər birinizi - harmoniya və estetika, güc və zəriflik, mükəmməllik və yaradıcılılıq, tarix və yenilik axtarışını birləşdirən bu gözəl idman növünü sevən və qiymətləndirən hər kəsi - Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında salamlamaqdan məmnunluq duyuram. Gimnastikanın tarixi, iştirakçıların hazırlıq prosesində gimnastika hərəkətlərindən istifadə etdikləri qədim dövrdə keçirilən Olimpiadalardan başlayır. Müasir gimnastikanın əsas üslub və istiqamətləri XIX əsrdə, beynəlxalq idman və Olimpiya hərəkatı tarixinin yarandığı bir vaxtda formalaşdı. Bu gün də gimnastikanın yaradıcı inkişafı davam edir, yeni üslub və növlər, yeni element və kompozisiyalar yaranır, yeni "ulduzlar" meydana gəlir.
Əziz dostlar!
Qısa müddət ərzində Azərbaycanın milli gimnastika məktəbi uzun bir inkişaf yolu keçmiş, dünya miqyasında tanınmış və bu gün beynəlxalq arenada layiqli yerini tutmaqdadır. Ölkəmizi təmsil edən idmançılar ən nüfuzlu beynəlxalq yarışlarda fəxri kürsüyə yüksəlirlər. Azərbaycan müntəzəm olaraq, ən yüksək səviyyədə Avropa və Dünya Çempionatları, Dünya Kuboku mərhələləri və digər əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Gimnastikanın müxtəlif növləri və istiqamətləri ölkəmizdə uğurla və dinamik surətdə inkişaf edir: bədii gimnastika, kişi və qadın idman gimnastikası, batut gimnastikası, akrobatika gimnastikası, aerobika gimnastikası, “TeamGym”, parkur və “gimnastika hamı üçün”. Gimnastika klubları və bölmələri Azərbaycanın bir çox bölgələrində fəaliyyət göstərir. Milli məşqçilik məktəbi uğurla inkişaf edir. Azərbaycanda ən yüksək tələblərə cavab verən idman infrastrukturu yaradılıb. Təlim-məşq toplanışları və iri miqyaslı beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şəraiti olan unikal idman qurğusu - Milli Gimnastika Arenası inşa edilib. Bölgələrdə Olimpiya kompleksləri fəaliyyət göstərir.
Bu, idmançı və məşqçilər, xoreoqraf və idman menecerləri, həkim və masajçılar – bizim hamımızın birgə qazandığı böyük bir uğurdur. Əldə etdiyimiz nailiyyətlər Azərbaycan rəhbərliyi tərəfindən beynəlxalq idman və Olimpiya hərəkatına göstərilən dəstək, həm yüksək nailiyyətlər idmanı, həm də kütləvi idman növlərinin inkişafı üzrə aparılan ardıcıl və düşünülmüş siyasətinin ayrılmaz hissəsi və məntiqi nəticəsidir.
Əziz dostlar!
İdman xüsusi bir aləmdir və burada hər bir uğurun və hər bir nailiyyətin arxasında istedad, inadla çəkilən zəhmət, peşəkarlıq və qələbə əzmi dayanır. Ən vacibi isə öz komandana inanmaqdır. Azərbaycan Gimnastika Federasiyası ölkəmizi idman diplomatiyası dünyasında layiqincə təmsil etmək bacarığına malik olan, ölkəmizdə gimnastikanın inkişafı üzrə çalışan, məsuliyyətli və nüfuzlu beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsini təmin edən və bir çox digər məsələləri həll edə bilən peşəkarlardan ibarət bir komandadır. Əminik ki, Azərbaycan gimnastikasını qarşıda bir çox yeni qələbələr və nailiyyətlər gözləyir və onun tarixinə bir çox parlaq səhifələr yazılacaqdır. İnkişaf üçün hər cür şəraitimiz, böyük potensialımız və uğura inamımız var. Bizim qələbə və nailiyyətlərimizin şanlı tarixi var və həm Bakıda, həm də ölkənin bölgələrində çoxsaylı gimnastika bölmələrinin yetirmələri kimi gözəl gələcəyimiz var. Ən əsası isə, dostlar, bizim sizin kimi sadiq azarkeşlərimiz var. Əziz dostlar, məhz sizin sayənizdə gimnastika Azərbaycanda həqiqətən sevilən və populyar olan idman növünə çevrildi.
Gimnastika dünyasına, idman, güc, gözəllik və harmoniya dünyasına xoş gəlmişsiniz. Əminəm ki, internet saytımız sizin üçün dəyərli məlumat mənbəyinə çevriləcəkdir. Hamınıza can sağlığı və xoşbəxtlik, idmançılara - yeni uğurlar və qələbələr, azarkeşlərə - parlaq təəssüratlar və həyəcanverici anlar arzulayıram.
Gimnastika dünyasına xoş gəlmişsiniz, əziz dostlar!