AZE
İdman gimnastikadan başlayır

Batut Gimnastikası, Tamblinq və İkili Mini-Batut üzrə 26-cı Avropa Çempionatı

Bu il Azərbaycan Gimnastika Federasiyası zəngin tədbirlər planı ilə diqqətləri yenidən öz üzərində toplayacaq.

Belə ki, 2018-ci ildə Dünya Kubokları ilə yanaşı, federasiya ilk dəfə olaraq 12-15 aprel tarixlərində Batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatını da təşkil edəcək. Milli Gimnastika Arenasında baş tutacaq sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkənin iştirakı və hər 3 növ üzrə idmançıların ümumi sayının 400-dən çox olacağı gözlənilir.

Gimnastlar üçün doğma məkana çevrilmiş arenada 4 gün davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirəcək.

Yarışların 1-ci və 2-ci günləri həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri baş tutacaq və komandalar arasında finallar keçiriləcək.

14 aprel tarixində isə gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edəcəklər. Avropa və Dünya Çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarım-final mərhələsi də baş tutacaq. Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.   

Avropa Çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Çempionata biletləri Arenanın kassasından, həmçinin 28 Mall və Gənclik Mall alış-veriş mərkəzlərindən əldə edə bilərsiniz. Yarışların ilk 2 günü üçün biletlərin qiyməti 10 manat, son 2 günü üçün isə 15 manat təşkil edir.

Yarışlar haqda daha ətraflı məlumatı federasiyanın saytından əldə edə bilərsiniz.

Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99 
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası  

https://ticketing.mga.az/