
Gimnastlarımız İslam Həmrəyliyi Oyunlarına hazırlaşır
Paytaxtımız 20 idman növünün təmsil olunacağı 4-cü İslam Həmrəyliyi Oyunlarına (12-22 may) ev sahibliyi etməyə hazırlaşır. Həm dünya, həm İslam aləmi üçün önəmli olan bu oyunların proqramına ilk dəfə olaraq gimnastika idman növü də daxil edilib.
Oyunlar çərçivəsində gimnastikanın 3 növü üzrə - bədii gimnastika, qadın və kişi idman gimnastikası üzrə yarışlar təşkil olunacaq. 12 may tarixində, məhz Oyunların möhtəşəm açılış mərasimi günü Milli Gimnastika Arenasında start veriləcək gimnastika yarışlarına, 15 may tarixində yekun vurulacaq.
Proqrama əsasən 12 və 13 may tarixlərində bədii gimnastika üzrə təsnifat mərhələləri, 14 may tarixində ayrı-ayrı alətlər üzrə finallar olacaq.
İdman gimnastikası üzrə təsnifat günləri 13 və 14 may, ayrı-ayrı alətlər üzrə finallar isə 15 may tarixinə təsadüf edir.
Bu mötəbər yarışda gimnastika üzrə ümumilikdə 13 ölkədən olan idmançıların çıxış edəcəyi gözlənilir.
Ölkəmizi Oyunlarda bədii gimnastlar Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova, qadın idman gimnastları Yuliya İnşına, Marina Nekrasova, Yekaterina Tişkova, kişi idman gimnastları Murad Ağarzayev, Timur Bayramov və Bense Talas təmsil edəcəklər.