AZE
İdman gimnastikadan başlayır

Aerobika Gimnastikası

Aerobika gimnastikası bu növü xarakterizə edən musiqi ritminin müşayiəti ilə ardıcıl hərəkətlər silsiləsinin sinxron şəkildə icra olunduğu qeyri-olimpiya idman növüdür.

Yarışlarda gimnastlar 7 proqram üzrə mübarizə aparırlar: kişilərin və qadınların fərdi çıxışları, qarışıq cütlüklər (1 qadın və 1 kişi), üçlüklər, qrup (5 nəfər), aerodans (8 nəfər), aerostep (8 nəfər). Üçlüklər, qrup, aerodans və aerostep tərkibinə yalnız kişilər, yalnız qadınlar və ya qarışıq şəkildə həm kişi, həm də qadınlar daxil ola bilər.

Xüsusi aerobika meydançasının ümumi ölçüsü 12x12 metrdir. Böyük gimnastlar üçün çıxış sahəsi 10, gənc gimnastlar üçün isə 7 metrdir. Çıxışlar zamanı gimnastlar qolların hərəkətləri ilə uyğunlaşdırılmış yeddi əsas addım, çətin gimnastika elementləri, orijinal keçidlər, tərəfdaşlarla əməkdaşlıq, tərəfdaşı yuxarı qaldırma nümayiş etdirirlər. Yeddi əsas addıma marş, hoppana-hoppana yerimə, sıçrama, dizin yuxarı qaldırılması, tullanma, hoppanaraq eyni zamanda əlləri yuxarı qaldırma, sanki suya başvurma hərəkətləri daxildir.

Çıxışlar zamanı hakimlər artistizm, icra və hərəkətlərin çətinliyini qiymətləndirirlər.

Aerobika gimnastikası dünyada

Aerobika sözünü ilk dəfə olaraq 1875-ci ildə fransız kimyaçısı və mikrobioloqu Lui Pastor “aerobik” bakteriyalarının yaşaması üçün oksigenə ehtiyacları olduğunu kəşf edəndə istifadə etmişdir. 1960-cı illərdə Ken Kuper adlı ABŞ həkimi ürək-damar xəstəlikləri ilə mübarizə aparmaq üçün bir sıra “aerobika hərəkətləri”ni inkişaf etdirmişdir.

1980-ci illərdə isə aerobika hərəkətləri dünyada yayılmış fitnesin tərkib hissəsinə çevrildi. Bununla da spandeks parçasından tikilmiş geyimlərdə böyük əzələləri gərməklə həyəcanverici çıxışların nümayiş olunduğu yarışlar populyarlaşdı.

Aerobikanın gimnastika hərəkatına qoşulması istiqamətində ilk addım 1993-cü ildə Beynəlxalq Gimnastika Federasiyasına (FIG) üzv olan federasiyaların rəsmi olaraq FIG-nin İcra Komitəsinə aerobikanın yeni növ kimi yarış proqramına salınması ilə bağlı müraciət olunduqda atıldı.

1995-ci ildə Parisdə (Fransa) aerobika üzrə ilk FIG Dünya Çempionatı təşkil edildi. 1996-cı ildə aerobika gimnastikası rəsmən FIG-nin inkişaf etdirdiyi gimnastika növləri siyahısına daxil oldu.

2000-ci ildən etibarən Dünya Çempionatları hər iki ildən bir keçirilir.

Aerobika gimnastikası Azərbaycanda

Aerobika gimnastikasının 2013-cü ilin sonlarından etibarən ölkəmizdə inkişaf etdirilməsinə, 2015-ci ildə Bakıda təşkil edilmiş 1-ci Avropa Oyunlarının proqramına daxil olması təkan vermişdir.

Bütün yeni inkişafa qədəm qoymuş gimnastika növlərində olduğu kimi, ilkin mərhələdə xarici idmançı və mütəxəssislər yığma komandaya cəlb olundu. Avropa Oyunlarının aerobika gimnastikası üzrə keçirilən yarışlarında Azərbaycan qarışıq cütlük və qrup daxilində təmsil olundu.

2019-cu ildə Bakıda ilk dəfə keçirilmiş Aerobika Gimnastikası üzrə 11-ci Avropa Çempionatında Azərbaycanı “aerodans” proqramında təmsil edən Elçin Məmmədov, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli və Mədinə Mustafayeva qızıl medala layiq görüldülər.

AGF-nin fəaliyyətinin əsas istiqamətlərindən biri də ölkədə bu növ üzrə mütəxəssislərin yetişdirilməsi və onların mütəmadi olaraq peşəkarlıq səviyyəsinin artırılmasıdır. Bu məqsədlə, Azərbaycanda FIG Akademiyasının mütəxəssisləri tərəfindən 1-ci (2018) və 2-ci səviyyə (2019) üzrə məşqçilik kursları keçirilmişdir. Federasiya tərəfindən vaxtaşırı milli məşqçilik və hakimlik kursları da təşkil olunur.

Hazırda aerobika gimnastikası üzrə bölmələr Bakı ilə yanaşı Sumqayıt və Xırdalanda da fəaliyyət göstərir.

Maraqlı faktlar
  • 1970-ci ildə aerobika idman növü ABŞ-ın məşhur kino ulduzu Ceyn Fondanın iştirakı ilə aerobika hərəkətlərini nümayiş etdirən videolardan sonra bütün dünyada məşhurlaşdı.
  • Aerobika gimnastikası ilk dəfə olaraq Ümumdünya Oyunlarının proqramına 1997-ci ildə daxil edilmişdir.
  • Rumıniya gimnastları dünya çempionatlarında medal sayına görə liderdir.