AZE
İdman gimnastikadan başlayır

Kişi idman gimnastikası

Kişi idman gimnastikası 6 alət üzərində (xalçada sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar, turnik) hərəkətlərin icra olunduğu bir idman növüdür.

Gimnastlar irimiqyaslı yarışlarda, o cümlədən Olimpiya Oyunlarında fərdi çoxnövçülük, ayrı-ayrı alətlər üzrə finallar və komanda hesabında qüvvələrini sınayırlar.

Güc, elastiklik, tutma çevikliyi, akrobatik elementlər və alətin bir tərəfindən digər tərəfinə keçmə bacarığı dəfedilməz, başdöndürən çıxış nümayiş etdirməyə imkan yaradır. Bütün yarışlarda gimnastların yerinə yetirdikləri hərəkətlər dinamika, idmançının alətdən aralanması, sıçrayış hündürlüyü və məsafə meyarları nəzərə alınmaqla, çətinlik və icra üzrə qiymətləndirilir. Digər gimnastika növləri ilə müqayisədə kişi idman gimnastikası ən çox medal dəstlərinin oynanıldığı bir yarış növüdür.

Kişi idman gimnastikasının gözəlliyi qədim zamanlardan gələn cəsarət və texnikanı saxlamaqla, müasir dövrə uyğunlaşması və daim inkişaf etməsindədir.

Kişi idman gimnastikası dünyada

Gimnastikanın kökü qədim Yunanıstana söykənir. Qədim romalılar da gimnastika ilə məşğul olurdular. Lakin burada gimnastika daha çox hərbçilərin fiziki hazırlığının yüksəldilməsi üçün istifadə olunurdu. Orijinal gimnastika alətlərindən biri əsgərlərə ata qalxmağın və enmənin kompleks üsullarını öyrətmək məqsədilə Romalılar tərəfindən təqdim olunmuş dəstəli atdır.

Fridrix Ludviq Yan (1778-1852) müasir gimnastikanın banisi hesab olunur. Alman pedaqoqu ilk dəfə qruplara bölüşdürülən hərəkətlərə dair qaydaların əsasını qoymuşdur. Bir qədər sonra isə artıq bu növ üzrə yarışlar təşkil olunmağa başlanmışdır. İlk vaxtlarda yarışlar açıq havada kanatla qalxma, halqalar və digər müxtəlif alətlərin istifadəsi ilə nümayiş olunan çıxışlarla keçirilirdi. Burada həmçinin qrup şəklində ritmik gimnastika hərəkətləri və paralel qollar üzərində komanda çıxışları nümayiş etdirilirdi.

1896-cı ildə Afinada keçirilən Olimpiya Oyunları proqramında idman növləri sırasında kişi idman gimnastikası da öz yerini tutdu.

İdman gimnastikası üzrə ilk Dünya Çempionatı 1903-cü ildə keçirilib. 1952-ci ilin Helsinkidəki Olimpiya Oyunları zamanı gimnastikada bir növ inqilab baş verdi. İlk dəfə bu Oyunlarda müasir dövrümüzdə istifadə olunan 6 alət üzərində çıxışlar təqdim olundu.

1966-1976-cı illərdə FIG-nin prezidenti olmuş İsveçrəli məşqçi Artur Qander (1909-1981) hazırkı dövrdə də gimnastika hakimlərinin yararlandığı əsas qiymətləndirmə sisteminin əks olunduğu ilk qaydalar toplusunun yaradılmasında çox vacib rol oynamışdır.

Hazırda kişi idman gimnastikası üzrə Dünya Çempionatı yarışları Olimpiya Oyunlarının keçirildiyi il istisna olmaqla, hər il təşkil olunur.

Azərbaycanda kişi idman gimnastikası

Azərbaycanda kişi idman gimnastikası ötən əsrin 30-cu illərindən etibarən inkişaf etməyə başlamışdır. Bu növ üzrə ilk Respublika Çempionatı 1939-cu ildə Bakıda keçirilmişdir.

SSRİ yığmasının tərkibində üçqat Dünya Çempionu (komanda hesabı – 1989 və 1991-ci illərdə; dəstəli at – 1991-ci il), gimnast Valeriy Belenki Müstəqil Dövlətlər Birliyinin (MDB) yığma komandası daxilində 1992-ci ildə Barselonada (İspaniya) təşkil olunan Olimpiya Oyunlarında komanda hesabında çempion olmuş və çoxnövçülükdə bürünc medal qazanmışdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq Şakir Şıxəliyev 2012-ci ildə Londonda (Böyük Britaniya) keçirilmiş Olimpiya Oyunlarında kişi idman gimnastikası üzrə yarışlarda ölkəni təmsil etmişdir.

Rio-2016 Olimpiya Oyunlarında (Braziliya) Azərbaycandan iki gimnast – Oleq Stepko və Petro Paxnyuk iştirak etmək hüququ əldə etdi. Oleq Stepko Rio-2016 Olimpiya Oyunlarının təsnifat mərhələsində 6 hərəkətin cəminə əsasən çoxnövçülük üzrə finala çıxmağa müvəffəq oldu və kişi idman gimnastikası tarixində ilk dəfə olaraq 24 ən yaxşı gimnast arasında çıxış etdi.

Azərbaycan bu idman növü üzrə Tokio-2020 Olimpiya Oyunlarında da təmsil olunacaq. Belə ki, 2019-cu ildə Ştutqartda (Almaniya) keçirilmiş Dünya Çempionatında İvan Tixonov çoxnövçülük nəticələrinə əsasən dünyanın ən mötəbər idman yarışında iştirak üçün vəsiqəni təmin etdi.

Gimnast Oleq Stepko 2015-ci ilin Dünya Çempionatında (Qlazqo, Böyük Britaniya) müstəqil Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq paralel qollar üzərində final hərəkətlərə görə bürünc medal qazandı və məhz bu nəticə ona Rio-2016 Olimpiya Oyunlarında iştirak etmək imkanı yaratdı.

Böyüklər yaş kateqoriyasına aid olan idman gimnastlarımız Bakıda keçirilmiş ilk çoxnövlü idman yarışı – 1-ci Avropa Oyunları zamanı Azərbaycan komandasının ümumi hesabına 5 medal yazdırmışlar. Belə ki, Оleq Stepko 1 qızıl (paralel qollar), 2 gümüş (çoxnövçülük və dəstəli at), 1 bürünc (dayaqlı tullanma) medal qazanmışdır. Bundan əlavə, o, komanda yoldaşları – Petro Paxnyuk və Eldar Səfərovla birgə komanda hesabında 3-cü yerə layiq görülmüşdür.

İki il sonra, 2017-ci ildə Bakıda keçirilmiş 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində kişi idman gimnastikası üzrə ümumilikdə 5 medal qazanıldı (3 qızıl medal - sərbəst hərəkətlər (Murad Ağarzayev), dəstəli at və turnik (Bense Talas); 2 gümüş medal - komanda hesabı (Murad Ağarzayev, Timur Bayramov, Bense Talas), halqalar (Bense Talas); 1 bürünc medal - paralel qollar (Bense Talas)).

Gənc gimnastlarımızın Azərbaycanın kişi idman gimnastikası tarixində ilk dəfə olaraq komanda yarışlarında iştirakı 2016-cı ildə Berndə (İsveçrə) keçirilən Avropa Çempionatında baş tutmuşdur.

2018-ci ildə Bakıda keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarına idman gimnastikası üzrə Avropa ölkələri arasında təsnifat yarışlarında ölkəmiz gimnastika tarixində bu növ turnirə ilk lisenziyasını əldə etdi. Həmin ilin oktyabr ayında Buenos-Ayresdə (Argentina) keçirilən Oyunlarda Azərbaycanı Səməd Məmmədli təmsil etdi.

2019-cu ildə ölkəmizdə təşkil edilmiş 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində kişi idman gimnastikası üzrə yarışlarda isə Səməd Məmmədli dəstəli at proqramında fəxri kürsünün 2-ci pilləsinə yüksəldi.

Hazırda, bu idman növü üzrə Azərbaycan yığma komandasının üzvləri müasir avadanlıqlarla təchiz olunmuş Milli Gimnastika Arenasında (MGA) məşq edir. 2014-cü ildə ölkə prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə bu möhtəşəm idman qurğusunun açılış mərasimi baş tutdu. Bakı tamaşaçısı məhz elə bu zalda Avropanın kişi idman gimnastikası üzrə məşhur ulduzlarının möhtəşəm mübarizəsini ilk dəfə 1-ci Avropa Oyunları zamanı izlədi.

Daha sonra MGA-da 2016-cı ildə Bakıda ilk dəfə FIG “Challenge” seriyasına aid “AGF Trophy” Dünya Kuboku təşkil olundu. Həmin dövrdən etibarən bu arenada ardıcıl olaraq daha 4 Dünya Kuboku (2017, 2018, 2019 və 2020) keçirilib ki, bunlardan da son ikisi (2019 və 2020) Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyıb.

Bu yarışların hər birindən ən azı iki həftə öncə kişi idman gimnastikası üzrə dünya ulduzlarının MGA-da təlim-məşq toplanışlarına qatılması artıq bir ənənəyə çevrilmişdir.

Kişi idman gimnastikasının ölkəmizdə inkişafının əsas istiqamətlərindən birini də bu növ üzrə mütəxəssislərin yetişdirilməsi və onların mütəmadi olaraq peşəkarlıq səviyyəsinin artırılmasıdır. Bu məqsədlə, Azərbaycanda FIG Akademiyasının mütəxəssisləri tərəfindən 1-ci səviyyə (2018) və 2-ci səviyyə (2019) üzrə məşqçilik kursları, 2007 və 2017-ci illərdə isə FIG-nin beynəlxalq hakimlik kursları keçirilmişdir. Federasiya tərəfindən vaxtaşırı milli məşqçilik və hakimlik kursları da təşkil olunur.

Kişi idman gimnastikası üzrə yığma komandanın Baş məşqçisi, FIG-nin ən yüksək, 1-ci dərəcəli hakimlik kateqoriyasına malik Rza Əliyev 2019-cu ildə Ştutqartda keçirilən idman gimnastikası üzrə Dünya Çempionatı çərçivəsində “Uzun müddətli fərqlənən hakimlik” fəaliyyətinə görə FIG tərəfindən “Qızıl Diplom”la təltif olunub. Azərbaycanlı hakim artıq üç Olimpiya Oyunları (London-2012, Rio-2016, Tokio-2020) çərçivəsində təşkil edilən kişi idman gimnastikası üzrə yarışlarda çıxışların qiymətləndirilməsi üçün FIG tərəfindən dəvət olunmuşdur.

Bu gün kişi idman gimnastikası üzrə bölmələr Sumqayıt, Masallı, Şirvan və Balakəndə də fəaliyyət göstərir.

Bakıda təşkil olunan hər bir yerli yarış, beynəlxalq arenada qazanılmış hər bir uğur öz növbəsində ölkəmizdə yetişən gənc nəslin nümayəndələrinin bu idman növünə marağının artmasına xidmət edir.

Alətlər

Digər gimnastika növləri ilə müqayisədə, ən çox alətlərdən istifadə olunan növ kişi idman gimnastikasıdır - xalçada sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar, turnik. Bir qayda olaraq hər bir məşhur idman gimnastının özünü tam sərbəst hiss etdiyi və bütün dünyada çıxışları ilə yadda qaldığı sevimli aləti və ya alətləri vardır.

Sərbəst hərəkətlər
Sərbəst hərəkətlər

Sərbəst hərəkətlər ölçüsü 12x12 m və əlavə 1 m “məhdudlaşdırıcı təhlükəsizlik xətti” ilə əhatə olunmuş xüsusi gimnastika xalçasında yerinə yetirilir. Sərbəst hərəkətlər özündə gücü, elastikliyi və tarazlığı əks etdirən templi akrobatik və qeyri-akrobatik elementləri birləşdirir. Burada mayallaq aşma, salto, şpaqat, əllər üstə dayanma və digər elementlər nümayiş etdirilir. .

Dəstəli at
Dəstəli at
Alətin hündürlüyü 115 sm, eni 35 sm, uzunluğu isə 160 sm təşkil edir. Dəstələrin uzunluğu 12 sm, onların arasındakı məsafə isə 40-45 sm bərabərdir. Dəstəli at üzərində çıxış zamanı yalnız əllərlə alətə toxunmaq olar. Bu alət üzərində hərəkətlər davamlı fırlanma, dairələr, dövrələr, ayaqlar aralı və bitişik şəkildə yellənmələr, qolaylanmalar, iki ayaqla dönmələr, “qayçı” hərəkətləri, həmçinin əllər üzərində duruş elementlərindən ibarətdir.
Halqalar
Halqalar
Bu alət diametri 18 sm olan iki halqadan ibarətdir və yerdən 2.8 m hündürlükdə yerləşir. Halqalar arasında məsafə isə 50 sm təşkil edir. Halqalarda çıxışın əsasını qolaylanma, güc və statik elementlər təşkil edir. Gimnastların çıxış proqramı tutma, əllərdə duruş, qolaylanma, dövrə vurma, burulma və s. elementlərdən ibarət olur. Bu hərəkətlər idmançının yalnız elastikliyini deyil, həm də gücünü nümayiş etdirir.
Dayaqlı tullanma
Dayaqlı tullanma
Dayaqlı tullanma alətinin hündürlüyü 135 sm, uzunluğu (dayaq hissəsi) 1.20 m, eni 95 sm təşkil edir. Qaçış cığırının uzunluğu 25 m, eni isə 1 metrdir. Ən sürətli alət sayılan dayaqlı tullanmada hərəkət əlavə təkandan istifadə edilərək qaçışla həyata keçirilir. İdmançı xüsusi cığırda qaçaraq, amortizasiya qurğulu körpücükdən ayaqları ilə itələnərək, alətdən əlləri ilə əlavə təkan verir. İdmançı yerə enərək çıxışını bitirənə kimi nə qədər çox fırlanma və vint elementləri icra edərsə, proqramı daha çətin hesab olunar və daha yüksək xal alar.
Paralel qollar
Paralel qollar
Alətin yerdən hündürlüyü 2 m, uzunluğu isə 3.5 m təşkil edir. Bu alətin hündürlüyü və qollar arasında məsafə gimnasta görə tənzimlənə bilər. Gimnast dayaq, asılma və çiyinlərdə müxtəlif qolaylanma və uçuş elementləri icra edir. Paralel qollarda hərəkətləri yerinə yetirərkən elementlər bir-birini rəvan şəkildə əvəz etməlidir.
Turnik
Turnik
Turnikin uzunluğu 2.8 m, eni 2.4 m, diametri isə 2.8 sm təşkil edir. Turnikdə nümayiş olunan hərəkətlər möhtəşəmliyi ilə daha cəlbedicidir. Çıxış zamanı gimnast fasiləsiz olaraq qolaylanma, müxtəlif tutma, fırlanma elementləri və uçuş elementləri, o cümlədən həmin elementlərin birindən digərinə dəqiqliklə keçid hərəkətlərini nümayiş etdirməlidir.
Maraqlı faktlar
  • Qədim dövrdə dayaqlı tullanma aləti mövcud olmayıb, bunun əvəzinə idmançılar buğa üzərindən tullanırmışlar.
  • Tarixdə Olimpiya Oyunlarının ilk mütləq çempionu 1900-cü ildə fransız Qustav Sandra olmuşdur.
  • Gimnastlar maqneziya tozundan istifadə edirlər, bu da əlləri quru saxlayaraq, tutma elementini yüksək səviyyədə icra etməyə kömək edir.
  • Çətin gimnastika elementlərinin adı, adətən onları ilk dəfə icra edən idmançıların adı ilə bağlı olur.
  • İlk dəfə 1903-cü ildə keçirilmiş dünya çempionatında yalnız 4 ölkə - Belçika, Fransa, Lüksemburq və Niderland iştirak etmişdir.
  • Müəyyən alətlərdəki çıxışlarına görə bir sıra məşhur gimnastlara həmin alətlərdəki çıxışlarına və bacarıqlarına uyğun ləqəblər verilmişdir. Məsələn, turnik üzərində hərəkətlərə görə Olimpiya çempionu Niderland gimnastı Epke Zonderland “Uçan holland” adlandırılıb.