Bədii gimnastika - gimnastika və rəqs hərəkətlərinin musiqi müşayiəti ilə alətsiz və alətlərlə (ip, halqa, top, gürzlər, lent) icra olunduğu bir idman növüdür.
Son zamanlar dünya miqyaslı yarışlarda alətsiz çıxışlar bir qayda olaraq nümayiş olunmur. Qrup hərəkətləri komandaları isə iki proqram üzrə çıxış edirlər: birincisi - beş eyni alətlə (məsələn: 5 top, beş cüt gürz, 5 halqa) ikincisi isə, iki fərqli alətlərlə (məsələn: halqalar və gürzlər, lent və toplar, ip və toplar).
Bütün çıxışlar ölçüsü 13x13 m olan gimnastika xalçası üzərində yerinə yetirilir. Musiqi kompoziyasının seçimi gimnast və məşqçinin istəyindən asılıdır. Fərdi proqramda hər bir çıxış bir dəqiqə yarımdan, qrup hərəkətlərində isə iki dəqiqə otuz saniyədən artıq olmamalıdır. Klassik çoxnövçülük (fərdi proqramda 4, qrup hərəkətləri proqramında 2 çıxış) – Olimpiya proqramına daxildir. Çoxnövçülükdən əlavə fərdi birincilikdə və qrup hərəkətləri komandalarının tərkibində çıxış edən gimnastlar ənənəvi olaraq ayrı-ayrı alətlər üzrə final yarışlarında da medallar uğrunda mübarizə aparırlar (Olimpiya Oyunlarından başqa). Bundan əlavə, komanda hesabında da yarışlar mövcuddur və burada bir neçə gimnastın, bəzən də eyni zamanda fərdi gimnastlar və qrup hərəkətləri komandalarının da göstərdikləri toplam nəticələr nəzərə alınır (nəticələr müxtəlif yaş qruplarına da aid ola bilər).
Bədii gimnastikanın kökü qədim zamanlara söykənir. Qədim Misirə məxsus saxsı qablar və piramidaların üzərində beli bükülü vəziyyətdə, hətta toplarla rəqs edən bir qrup qadının təsvir olunması buna sübutdur. Bədii gimnastika idman növü kimi XIX əsrdə formalaşmağa başlamışdır. Fransız vokal pedaqoqu, səhnə sənətinin nəzəriyyəçisi Fransua Delsart (1811-1871) müvazinət, gözəllik, sağlamlığın saxlanılması və uğurun əldə olunmasında fiziki hərəkətlərin böyük rol oynadığına inanırdı. Delsartın “ifadə sistemi”nin vokal və teatr quruluşlarının ifaları, rəqslərin təkmilləşdirilməsində faydası önə çəkilmişdir. Onun hərəkət və estetika ilə bağlı ideyaları müasir bədii gimnastikanın əsas prinsipini formalaşdırmışdır: hərəkət vasitəsilə ifadə etmə. İsveçrə bəstəkarı və pedaqoqu Emil Jak-Dalkrozun (1865-1950) ideyaları isə musiqi və rəqsin vəhdətindən ilhamlanırdı. Onun tərəfindən Cenevrədə yaradılan institut bədii gimnastlara ilk dəfə olaraq Emil Jak-Dalkroz tərəfindən hazırlanmış, musiqinin müşayiəti ilə ritmik fiziki hərəkətlər sisteminin metodlarını tədris etməyə davam edir. 1911-ci ildə Dalkroz məktəbinin alman pedaqoqu Rudolf Bode bədii gimnastika üzrə Bode məktəbini təsis etdi və tez bir zamanda yüzlərlə müəllim yetişdirdi. Bu gün də fəaliyyət göstərən məktəb bədii gimnastikanın texniki inkişafına böyük töhfəsini vermişdir. 1963-cü ildə bədii gimnastika rəsmi olaraq Beynəlxalq Gimnastika Federasiyasının (FIG) idman növü kimi tanınmışdır. Elə həmin ildə bu növ üzrə ilk Dünya Çempionatı keçirilmişdir. 1984-cü ildə isə bədii gimnastika yalnız fərdi çıxış proqramında təmsil olunmaqla Olimpiya Oyunlarına daxil edildi. 12 il sonra, 1996-cı ildə qrup hərəkətləri komandaları da dünyanın ən böyük çoxnövlü idman yarışlarına qoşuldu. |
Azərbaycanda bədii gimnastikanın yaranma və inkişaf tarixi ötən əsrin 40-cı illərinə təsadüf edir. Ölkəmizdə bu idman növünün formalaşması Nadejda Merkulovanın adı ilə bağlıdır. Azərbaycan gimnastları beynəlxalq arenada SSRİ yığmasının tərkibində çıxış edirdilər. Bu gimnastlar arasında ilk olaraq Lina Vinnikova 1961-ci ildə Almaniyada keçirilən 1-ci Ümumdünya gimnastika turnirində iştirak etmişdir.
2002-ci ilin oktyabrında ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilməsi ilə Azərbaycanda gimnastika növlərinin, xüsusilə də bədii gimnastikanın dirçəliş dövrü başlandı.
2003-cü ildə Azərbaycan gimnastı Dinara Gimatova Budapeştdə (Macarıstan) keçirilən Dünya Çempionatında çıxış edərək, milli gimnastika tarixində ilk dəfə olaraq Afina-2004 Olimpiya Oyunlarına lisenziya qazandı. Bu yarışda Azərbaycanı Anna Qurbanova təmsil edərək, zədə səbəbindən Olimpiadada iştirak edə bilməyən komanda yoldaşı Dinara Gimatovanı əvəz etdi.
2008-ci ildə təşkil olunan Olimpiya Oyunlarında Azərbaycan tam heyətlə təmsil olundu – yarışlarda fərdi proqram üzrə iki gimnast (Aliyə Qarayeva və Dinara Gimatova), həmçinin müstəqil Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq qrup hərəkətləri komandası (Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Dina Qorina) iştirak etdi. Çoxnövçülük finalında Aliyə 6-cı, qrup isə 7-ci yerdə qərarlaşdı.
4 il sonra, 2012-ci ildə Londonda baş tutan Olimpiya Oyunlarında Aliyə Qarayeva yenidən çoxnövçülük finalında mübarizə apardı və nəticədə 4-cü yeri tutdu.
Rio-2016 Olimpiya Oyunlarında isə ölkəmizi Marina Durunda təmsil edərək 10 ən güclü idmançılar arasında finalda çıxış etdi.
2019-cu ildə Bakıda keçirilmiş Dünya Çempionatının nəticələrinə əsasən Azərbaycan yığma komandası Tokio-2020 Olimpiadasına iki lisenziya əldə etdi. Fərdi proqramda ölkə üçün lisenziyanı Zöhrə Ağamirova qazandı. Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova, Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandası da Olimpiya Oyunlarında iştirak etmək hüququnu təmin etdi. Belə ki, ölkəmiz yenidən Olimpiadada həm fərdi birincilikdə, həm də qrup hərəkətləri komandalarının yarışlarında təmsil olunacaq.
Gimnastlarımız Dünya Çempionatlarının komanda hesabında (2007, 2009, 2010), ayrı-ayrı alətlər üzrə final mərhələlərində (Aliyə Qarayeva / 2009, 2010) və çoxnövçülüyündə (Aliyə Qarayeva / 2011) mükafatçılar sırasında olmuşlar.
2007-ci ildə Aliyə Qarayeva ölkənin gimnastika tarixində ilk dəfə olaraq iplə hərəkətlərdə Avropa çempionu adına layiq görülmüşdür. Bu uğurun ardınca gimnastlarımız Avropa Çempionatlarının komanda hesabında (2007, 2009), ayrı-ayrı alətlər üzrə finallarında (Anna Qurbanova / 2009; Marina Durunda / 2015) və çoxnövçülüyündə (Aliyə Qarayeva / 2010, 2012) fəxri kürsüyə yüksəlmişlər.
2014-cü ilin Bakıda keçirilmiş Avropa Çempionatında Bakı tamaşaçısının gurultulu alqışları ilə Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova, Aynur Mustafayeva və Səbinə Abbasovadan ibarət qrup hərəkətləri komandası Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq, böyüklər proqramı üzrə 3 top və 2 lentlə hərəkətlərin finalında gümüş medal qazanmışdır.
2018-ci ildə İspaniyada (Quadalaxara) keçirilən Avropa Çempionatında qrup hərəkətləri komandamız (Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətova / 3 top və 2 ip) bürünc medala layiq görülmüşdür.
Elə həmin tərkibli qrup hərəkətləri komandamız 2018-ci ilin “Challenge” seriyasına aid Dünya Kuboku mərhələlərində topladıqları ümumi xala əsasən 3 top və 2 iplə qalib oldu.
2019-cu ildə fərdi gimnast Zöhrə Ağamirova Neapolda (İtaliya) baş tutmuş Ümumdünya Yay Universiadası çərçivəsində çoxnövçülük və gürzlərlə finalda gümüş medal qazanmışdır.
Böyük gimnastlarımız Bakıda keçirilmiş çoxnövlü idman yarışları zamanı da öz çıxışları ilə fərqlənmişlər. Marina Durunda 1-ci Avropa Oyunları çərçivəsində (2015) lentlə finalda bürünc medala layiq görüldü. Bədii gimnastika üzrə fərdi proqramın ilk dəfə təmsil olunduğu 4-cü İslam Həmrəyliyi Oyunları (Bakı-2017) zamanı gimnastlarımız 8 medal qazandı (4 qızıl medal – komanda hesabı (Zöhrə Ağamirova, Marina Durunda, Jalə Piriyeva), halqa (Marina Durunda), top (Jalə Piriyeva), lent (Marina Durunda); 2 gümüş medal – gürzlər (Marina Durunda), lent (Jalə Piriyeva); 2 bürünc medal – halqa (Jalə Piriyeva), top (Marina Durunda)).
Gənc gimnastlarımıza gəlincə isə, onlar öz çıxışları ilə dəfələrlə Avropa Çempionatlarında fərqlənmişlər:
2009 / Bakı, Azərbaycan: | 2-ci yer / 5 lent / qrup hərəkətləri |
Səbinə Abbasova, Nigar Abdusalimova, Yevgeniya Jidkova, Kamilla Məmmədova, Ayelita Xələfova və Lalə Məhərrəmova |
2010 / Bremen, Almaniya: | 3-cü yer / çoxnövçülük / qrup hərəkətləri |
Aliyə Paşayeva, İradə Əhədzadə, Mənsurə Mehdiyeva, Mədinə Həsənova | |
2-ci yer / top / fərdi proqram – Lalə Yusifova |
2011 / Minsk, Belarus : | 3-cü yer / 5 ip / qrup hərəkətləri |
Siyana Vasileva, Lalə Yusifova, Aynur Cabbarlı, Səbinə Qaratova, Ayşə Mustafayeva, Mənsurə Baqiyeva |
2012 / Nijniy Novqorod, Rusiya | 3-cü yer / halqa / fərdi proqram - Nilufər Niftalıyeva |
3-cü yer / lent / fərdi proqram – Gülsüm Şəfizadə |
2013 / Vyana, Avstriya | 2-ci yer / 5 halqa / qrup hərəkətləri |
Səbinə Hümmətova, Aynur Mustafayeva, Aleksandra Platonova, Gülsüm Şəfizadə, Nilufər Niftalıyeva, Emilya Baqiyeva |
2014 / Bakı, Azərbaycan | 3-cü yer / komanda hesabı Jalə Piriyeva və Züleyxa İsmayılova |
2-ci yer / halqa / fərdi proqram – Jalə Piriyeva |
2018 / Quadalaxara, İspaniya | 3-cü yer / top / fərdi proqram – Arzu Cəlilova |
Bununla yanaşı, Yeniyetmələrin Olimpiya Oyunlarında ölkəmizi bədii gimnastika üzrə təmsil etmiş ilk gimnast Yelizaveta Luzan olmuşdur. Belə ki, o, 2018-ci ildə Buenos-Ayresdə keçirilən Oyunlarda qarışıq komanda hesabında qızıl medal qazanmışdır.
Son illər bədii gimnastika üzrə formalaşmış Bakı məktəbinin daha bir gənc gimnastı Arzu Cəlilova Azərbaycanın gimnastika tarixinə Moskva (Rusiya, 2019-cu il) şəhərində keçirilmiş gənclər arasında 1-ci Dünya Çempionatının gümüş (top) və bürünc (ip) medalçısı kimi daxil oldu.
Gimnastların beynəlxalq arenadakı uğurları ilə yanaşı, ölkədə 7 Dünya Kuboku mərhələsi (2003, 2004, 2005, 2016, 2017, 2018, 2019), 2 Dünya Çempionatı (2005, 2019), 4 Avropa Çempionatının (2007, 2009, 2014, 2019) keçirilməsi Azərbaycanda bədii gimnastikanın məşhurlaşmasına xidmət etmişdir.
Hal-hazırda Milli Gimnastika Arenasında (MGA) bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşq etməsi üçün bütün lazımi şərait yaradılmışdır. 2014-cü ildə ölkə prezidenti İlham Əliyev və Birinci vitse-prezident, AGF-nin prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə bu möhtəşəm idman qurğusunun açılış mərasimi baş tutdu. 2014-cü ilin bədii gimnastika üzrə Avropa Çempionatı yalnız gimnastika növləri üzrə ixtisaslaşmış MGA-da təşkil olunan ilk iri miqyaslı beynəlxalq yarış oldu.
Qeyri-yarış günlərində MGA-da yaradılmış şəraitdən təkcə yığma komandanın gimnastları deyil, həmçinin Bakıya təlim-məşq toplanışlarına dünyanın müxtəlif ölkələrindən gəlmiş idmançılar da yararlanırlar.
Yüksək səviyyəli gimnastların yetişdirilməsi ilə yanaşı, ölkədə peşəkar məşqçi və hakimlərin ixtisaslarının artırılması AGF-nin əsas məqsədlərindən biridir. Bununla əlaqədar olaraq, Bakıda FIG Akademiyasının mütəxəssisləri tərəfindən 1-ci səviyyə (2013), 2-ci səviyyə (2014) və 3-cü səviyyə (2018) üzrə məşqçilik kursları təşkil edilmişdir. 2017-ci ildə ilk dəfə olaraq Bakıda Bədii Gimnastika üzrə Qitələrarası və Beynəlxalq Hakimlik Kursları təşkil olundu. Eləcə də, federasiya tərəfindən vaxtaşırı milli səviyyədə məşqçilik və hakimlik kursları təşkil olunur.
Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının Baş məşqçisi Mariana Vasileva 2019-cu ildə FIG tərəfindən “əməkdar məşqçi” diplomu ilə təltif olunub.
Azərbaycan mütəxəssisləri Dünya və Avropa Çempionatlarının hakimliyində iştirak edir, o cümlədən çıxışların qiymətləndirilməsi üçün Avropa Gimnastikası və FIG tərəfindən neytral hakim qismində dəvət olunurlar.
2010-cu ildən etibarən bölgələrdə bədii gimnastika üzrə bölmələr açılmağa başlamış və hazırda Xırdalan, Sumqayıt, Göyçay, Gəncə, Lənkəran, Masallı, Naxçıvan, Qusar, Şirvan, Kürdəmir, Mingəçevir, İsmayıllı, Şəmkir, Zaqatala, Qax, Qobustan, Ağdaşda bölmələr fəaliyyət göstərir. Bölgələrarası Kuboklar 2014-cü ildən başlayaraq milli yarışlar çərçivəsində keçirilir. Bədii gimnastika üzrə Azərbaycan Çempionatı ilk dəfə olaraq 2011-ci ildə paytaxtdan kənarda – Qusar Olimpiya İdman Kompleksində keçirilmişdir.
Son illər ərzində bədii gimnastika ölkəmizdə qızların sevimli idman növünə çevrilmiş və bu idman növünə axın artmışdır. Təbii ki, yetişən gənc nəsli gimnastlarımızın uğurları və bütünlüklə ölkəmizdə bu gimnastika növünün inkişafı ruhlandırır. Paytaxtımızın ev sahibliyi etdiyi iri miqyaslı beynəlxalq yarışlar zamanı tamaşaçılar çıxış edən hər bir gimnastın sevinc və uğursuzluğunu bölüşür, çünki tamaşaçıların çıxışların qiymətləndirilməsində olan qaydalardan anlayışları daha çoxdur.
Böyük fərdi gimnastlar 4 alətlə çıxış edirlər: bunlar halqa, top, gürzlər və lentdir. FIG-nin qaydalarına əsasən növbəti Olimpiya dövründə (2021-2024) gənc fərdi gimnastların çıxışlarında ipi halqa əvəzləyəcək, növbəti illər ərzində isə ip yalnız gənclərdən ibarət qrup hərəkətləri komandalarının proqramına daxil olacaq.
İp
|
İp çətənə lifi və ya digər sintetik materialdan hazırlanır. Bu alət həm bir rəngli, həm də müxtəlif rəngli ola bilər, uzunluğu isə gimnastın boyunun uzunluğuna uyğun olmalıdır. İplə hərəkətlər çeviklik, tullanma bacarığı və koordinasiya tələb edir. |
Halqa
|
Halqa plastikdən hazırlanır. Halqanın daxili diametri 80-90 sm arasında dəyişir, çəkisi isə 300 qr təşkil edir. Bir çox gimnastlar gözəllik üçün halqanı müxtəlif rənglərdə bəzəyirlər (çox zaman gimnastın geyiminin rənginə uyğun olaraq). |
Top
|
Rezindən və ya sintetik materialdan hazırlanır. Topun diametri 18-20 sm, çəkisi isə 400 qr təşkil edir. Top istənilən rəngdə ola bilər. Dinamik alət olmağına baxmayaraq, top ənənəvi olaraq daha çox hərəkətlərdə zəriflik və lirika nümayiş etdirmək imkanı yaradır. |
Gürzlər
|
Gürzlər sintetik materialdan hazırlanır. Gürzlərin uzunluğu 40-50 sm olur, gürzlərin hər birinin çəkisi isə 150 qramdır. Onlar bir rəngli və ya müxtəlif rənglərlə bəzədilmiş ola bilər. Gürzlər daha çox həm sağ, həm də sol əlini eyni dərəcədə istifadə etməyi bacaran gimnastlar arasında xüsusilə məşhurdur. |
Lent
|
Lent çubuqdan və lentin özündən ibarət olur. Onun uzunluğu böyük gimnastlar üçün 6 metr və gənclər üçün 5 metr, eni isə 4-6 sm olur. Lent həm monoton, həm də istənilən rənglərlə bəzədilmiş ola bilər. Çubuq silindrik və konus formasında olur və əsasən plastik, bambuk və ya orqanik şüşədən hazırlanır. Lent bütün gimnastika alətlərindən ən çox göz oxşayan alətdir. Lentin idarə olunması çiyin və əl əzələlərinin güclü olmasını tələb edir. |
- Bədii gimnastika üzrə ilk Dünya Çempionatında cəmi 10 ölkədən 28 gimnast iştirak etmişdir.
- Bədii gimnastika Olimpiya Oyunlarına daxil yalnız qadın növü olan iki idman növündən biridir. İkincisi sinxron üzgüçülükdür.
- Bədii gimnastikada ilk Olimpiya Çempionu Kanada gimnastı Lori Fanq olmuşdur.
- Əvvəllər bədii gimnastlar şərflərlə çıxışlar nümayiş etdirmişlər. Alətlərlə bağlı xüsusi tələblər olmadığından məşqçilər öz fantaziyalarına uyğun alətlərdən istifadə etmişlər. Hazırkı müasir alətlər ötən əsrin 60-cı illərində təsdiq olunmuşdur.
- Bolqar gimnastı Mariya Gigova 3 dəfə Dünya Çempionu olmuş (1969, 1971, 1973) ilk bədii gimnastdır. 22 ildən sonra onun bu nəticəsini təkrarlayan digər bolqar gimnastı Mariya Petrova (1993, 1994, 1995) olmuşdur. 16 ildən sonra bu nailiyyətə Rusiya gimnastı Yevgeniya Kanayeva (2009, 2010, 2011) və 4 ildən sonra daha bir Rusiya gimnastı Yana Kudryavtseva (2013, 2014, 2015) imza atmışlar.