“TeamGym” Avropa Gimnastikasına aid komanda yarışı növüdür. Qeyri-olimpiya növü olan “TeamGym”-ə 3 alət üzərində çıxışlar daxildir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (kiçik batut).
Hər bir alət üzərində çıxışlar səmərəli komanda işi, çətin akrobatika və gimnastika elementlərinin icra olunması üçün mükəmməl texnika tələb edir.
“TeamGym” yarışları üç proqram üzrə keçirilir: qadın, kişi və qarışıq komandalar (həm qadın, həm də kişilərdən ibarət komandalar).
Komanda 8-10 gimnastdan ibarət olur. Onlardan hər biri xalça üzərində çıxışlar nümayiş etdirməlidir. Akrobatika cığırı və trampet üzərində hər bir mərhələdə 6 gimnast iştirak edir. Qarışıq komandalar isə yarısı kişi, yarısı qadınlardan ibarət olur.
Bu növ yarışları izləmək əyləncəli və həyəcanverici olduğundan, onlara tamaşaçı, mətbuat nümayəndələri və sponsorlar tərəfindən maraq göstərilir. “TeamGym” yarışları özünəməxsus gözəl abu-hava ilə fərqlənir.
“TeamGym” ən gənc gimnastika növüdür. Bu növ üzrə ilk yarış “EuroTeam” adlanmış və 1996-cı ildə Finlandiyada keçirilmişdir. “TeamGym” üzrə ilk rəsmi Avropa Çempionatı 2010-cu ildə İsveçdə baş tutmuşdur. Burada böyük gimnastlarla yanaşı, gənc gimnastlardan ibarət komandalar da mübarizə aparmışlar. İki ildən bir keçirilən Avropa Çempionatından başqa, qitədə “TeamGym” üzrə qaydalar və yarışlar haqda maarifləndirilmə məqsədilə Avropa Gimnastikası ən yaxşı mütəxəssislərin iştirakı ilə məşqçilik və hakimlik kursları, müxtəlif mövzulu seminarlar təşkil edir. |
Avropa Gimnastikasına aid bütün növləri inkişaf etdirən Azərbaycan Gimnastika Federasiyası (AGF), 2018-ci ilin əvvəlində “TeamGym” növünü öz fəaliyyətinə daxil etməyə qərar verdi.
Artıq 2018-ci ilin oktyabr ayında yığma komandamız ilk dəfə “TeamGym” üzrə Avropa Çempionatına qatılmış (Odivelaş, Portuqaliya) və gənclər yaş kateqoriyasında mübarizə aparmışdır.
2019-cu ildə Bakıda AGF tərəfindən yerli gimnast və məşqçilər üçün kurslar təşkil edilmişdir. 2020-ci ildə isə “TeamGym” üzrə ilk hakimlərimiz Avropa hakimlik dərəcəsi almışlar. Bu da onlara Avropa Çempionatlarında hakimlik etmək hüququ verir.
“TeamGym” üzrə yarışlarda çıxışlar musiqi müşayiəti ilə 3 alət üzərində nümayiş etdirilir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (kiçik batut). Burada digər gimnastika növlərində icra olunan elementlərlə oxşarlıq olduğu kimi, alətlərdə də oxşarlıq görmək mümkündür.
“TeamGym” xalçası
|
“TeamGym” xalçası 16x14 m çıxış sahəsi olan bir alətdir. Burada musiqi müşayiəti ilə iki akrobatika elementi, üç hoppanma, dörd balans elementi və iki elementdən ibarət olan kombinasiya icra olunmalıdır. Çıxış zamanı çətinlik elementlərindən əlavə, kompozisiya elementləri də icra olunur. Bu elementlərin icrasına görə də komanda maksimum 4 xal qazanır. Komandaya ən çox xal gətirə biləcək alət xalçadır. Yalnız bu alət üzərində hərəkətləri nümayiş etdirən gimnastlar, digər alətlərdə də çıxış edə bilər. |
Akrobatika cığırı
|
Akrobatika cığırı qaçış zolağı, elementlərin icra olunduğu cığır, enmə və təhlükəsizlik sahələri, əlavə təhlükəsizlik matları və ölçü lentindən ibarətdir. Çıxış sahəsinin uzunluğu 15 metrdir (+/-10 sm). Bu alət üzərində proqram 3 çıxışdan ibarətdir. Hər bir çıxışda gənclər arasında yarışda ən azı iki, böyüklər arasında yarışda isə üç müxtəlif akrobatika elementləri icra olunmalıdır. Çıxışlar sadə elementlərdən başlayır və getdikcə çətinləşir. |
Trampet
|
Trampet (kiçik batut) bir dəst batut, dayaqlı tullanma masası, enmə sahəsi, batut və dayaqlı tullanma masasına yaxınlaşmaq üçün qaçış cığırları, əlavə təhlükəsizlik matları və ölçü lentindən ibarətdir. Bu alət üzərində çıxışın bir hissəsi trampet və mat arasında yerləşdirilmiş dayaqlı tullanma masasından istifadə etməklə icra olunur. Proqrama üç mərhələ daxildir. Çıxışlar sadə elementlərdən başlayır və getdikcə çətinləşir. Yüksək sürətin saxlanılması məqsədilə, hər bir idmançı fasilə vermədən digər gimnastın ardınca hərəkətləri nümayiş etdirir. |
- 2002-ci ilə qədər “TeamGym” gimnastika növü “EuroTeam” adlanırdı.
- XX əsrin 70-ci illərində Skandinaviya ölkələrində meydana gələn “TeamGym”, hazırda digər qitələrdə də inkişaf yoluna qədəm qoymaqdadır.
- “TeamGym” Avropa Gimnastikası tərəfindən inkişaf etdirilən yeganə növdür ki, FIG-nin fəaliyyətinə daxil deyil.