Batut gimnastikasına kişi və qadınlar tərəfindən icra olunan batut üzərində fərdi və sinxron çıxışlar, ikili mini-batut və akrobatika cığırında (tamblinq) hərəkətlər aiddir. Bunlardan yalnız batut üzərində fərdi çıxışlar Olimpiya Oyunlarının proqramına daxildir. Fərdi proqramda çıxış edən gimnastlar sinxron cütlük tərkibində, ikili mini-batut proqramı üzrə çıxış edən idmançılar akrobatika cığırında, fərdi hərəkətləri nümayiş etdirən gimnastlar isə ikili mini-batut üzərində də güclərini sınaya bilərlər.
Bütün proqramlar üzrə çıxışlar tullanışların çətinliyi və icrası meyarlarına əsasən qiymətləndirilir. Batut gimnastikasının fərdi çıxışlarında buraya havada uçuş müddəti və üfüqi yerdəyişmə, sinxron hərəkətlərdə isə üfüqi yerdəyişmə ilə yanaşı sinxronluq da əlavə olunur.
Batut gimnastikasının yaranması amerikalı gimnast Corc Nissenin adı ilə bağlıdır. 1934-cü ildə sirkdə akrobatların elastik təhlükəsizlik torunun üzərinə enməsi və təkan götürərək akrobatik elementlərin icrasından ilhamlanan C.Nissen batut alətinin ilk prototipini hazırlamış və ona ispan mənşəli söz olan “tramplin” adını vermişdir. Batut gimnastikası üzrə ilk ABŞ milli çempionatı 1948-ci ildə, Dünya çempionatı isə 1964-cü ildə Londonda (Böyük Britaniya) keçirilib. Bu çempionatdan dərhal sonra Beynəlxalq Batut Gimnastikası Federasiyası yaradıldı (FIT) və 1988-ci ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanındı. Tamblinq üzrə çıxışlar 1965-ci, ikili-mini batut üzrə çıxışlar isə 1976-cı ildə Dünya Çempionatının proqramına daxil edilmişdir. 1998-ci ildə FIT ləğv edildi və artıq 1999-cu ildən batut gimnastikası Beynəlxalq Gimnastika Federasiyasının (FIG) inkişaf etdirdiyi gimnastika növləri sırasına daxil oldu. Batut gimnastikası üzrə fərdi çıxışlar ilk dəfə 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarında təmsil olundu. Hazırda bu növ üzrə Dünya Çempionatı Olimpiya Oyunlarının keçirildiyi il istisna olmaqla hər il keçirilir. |
Hazırda batut gimnastikasının proqramına daxil olan tamblinq (akrobatika cığırı üzərində tullanışlar) keçmiş SSRİ ölkələrində olduğu kimi, Azərbaycanda da ötən əsrin 30-cu illərində formalaşmış idman akrobatikasının bir növü kimi inkişaf etmişdir. Azərbaycan SSR-nin idmançıları bu növ yarışlarda SSRİ Çempionatı və Birinciliklərində, məktəblilərin Ümumittifaq Spartakiadalarında Respublikanı təmsil etmişlər.
2002-ci ilin oktyabrında ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilməsi ilə ölkəmizdə gimnastika növlərinin dirçəliş dövrü başlandı. Həmin ildən etibarən tamblinq AGF tərəfindən inkişaf etdirilir və hazırda batut gimnastikasına daxildir.
Batut gimnastikasının 2013-cü ilin sonlarından etibarən ölkəmizdə inkişafına, 2015-ci ildə Bakıda təşkil edilmiş 1-ci Avropa Oyunlarının proqramına daxil edilməsi təkan vermişdir. Bütün yeni inkişafa qədəm qoymuş gimnastika növlərində olduğu kimi, burada da ilkin mərhələdə yığma komandaya xarici idmançı və mütəxəssislər cəlb edilmişdir. Bakıdakı Avropa Oyunları çərçivəsində batut gimnastikası üzrə fərdi proqramda çıxış edən batutçumuz İlya Qrişunin bürünc medal qazanmışdır.
2016-cı ildə Valladoliddə (İspaniya) keçirilmiş Avropa Çempionatında Azərbaycanın debüt etdiyi ikili mini-batut yarışlarında gimnast Dmitriy Fedorovskiy bürünc medal qazandı.
Tamblinq üzrə təmsilçimiz Mixail Malkin 2017-ci ildə Sofiyada (Bolqarıstan) təşkil olunan Dünya Yaş Qrupları Yarışlarında Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq qızıl medal qazanmışdır.
2017-ci ildə Vroslav (Polşa) şəhərindəki Ümumdünya Oyunları çərçivəsində baş tutan yarışlarda sinxron proqramda çıxış edən Veronika Zemlyanaya və Svetlana Makştaryova cütlüyü ölkənin gimnastika tarixində ilk dəfə olaraq gümüş medal əldə etmişdir.
2018-ci ildə ölkəmizdə ilk dəfə təşkil olunmuş bu növ üzrə qitə birinciliyində isə gimnastlarımız komandamızın hesabına həm qızıl, həm də gümüş medal yazdırdılar. Tamblinqçimiz Mixail Malkin qızıl, sinxron yarışlarda çıxış edən qadın batutçular Svetlana Makştaryova və Veronika Zemlyanaya isə gümüş medala sahibləndilər.
Böyük gimnastlarımız müxtəlif vaxtlarda Dünya Kuboklarının və digər yarışların mükafatçıları sırasına daxil olmuş, yetişən gənc nəsli uğurları ilə ruhlandırmışlar.
Belə ki, artıq gənc gimnastlarımız da beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmişlər.
Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq 2019-cu ildəTokioda (Yaponiya) təşkil olunmuş batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında 11-12 yaş kateqoriyasında çıxış edən Maqsud Mahsudov fərdi proqramda qızıl medala, Hüseyn Abbasovla birgə sinxron proqramda isə gümüş medala layiq görüldülər. Həmin Çempionat çərçivəsində tamblinq yarışlarında 11-12 yaşlı gimnastlar arasında ölkəmizi təmsil edən Aleksey Karataşov da yarışların qızıl medalını qazandı.
2014-cü ildə ölkə prezidenti İlham Əliyev və AGF-nin prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə möhtəşəm Milli Gimnastika Arenasının (MGA) açılış mərasimi baş tutdu. Burada bu növ üzrə Azərbaycan yığma komandasının məşq etməsi üçün lazımi şərait yaradılmışdır. Məhz elə bu arenada 1-ci Avropa Oyunları çərçivəsində Bakı tamaşaçısı ilk dəfə Avropanın məşhur batutçularının çıxışlarını izləmişdir.
Daha sonra Azərbaycanda bu növ üzrə dörd Dünya Kuboku mərhələsi (2016, 2017, 2019, 2020) və Avropa Çempionatı (2018) müvəffəqiyyətlə təşkil edilmişdir.
Azərbaycan Gimnastika Federasiyanın fəaliyyətinin əsas istiqamətlərindən biri də ölkədə bu növ üzrə mütəxəssislərin yetişdirilməsi və onların mütəmadi olaraq peşəkarlıq səviyyəsinin artırılmasıdır. Bu məqsədlə, Bakıda ilk dəfə olaraq 2014-cü ildə FIG-nin beynəlxalq hakimlik kursları, 2019-cu ildə isə FIG Akademiyasının mütəxəssisləri tərəfindən 1-ci səviyyə üzrə məşqçilik kursları keçirilmişdir. Federasiya tərəfindən vaxtaşırı milli məşqçilik və hakimlik kursları da təşkil olunur.
Azərbaycan hakimləri irimiqyaslı yarışların hakimləri sırasına daxil olur, o cümlədən çıxışların qiymətləndirilməsi üçün müvafiq təşkilatlar tərəfindən neytral hakim qismində dəvət olunurlar.
Son dövrlərdə Bakı ilə yanaşı bölgələrimizdə də gimnastikanın bir çox növləri, eləcə də batut gimnastikası üzrə bölmələr açılır. Hal-hazırda Qax Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə bölmə fəaliyyət göstərir və Qax təmsilçiləri artıq 2019-cu ildə ölkə Birinciliyində öz bacarıqlarını nümayiş etdiriblər.
AGF tərəfindən batut gimnastikasının inkişafı istiqamətində görülən işlər öz bəhrəsini vermiş və qısa bir müddət ərzində batut gimnastikasına marağın artmasına imkan yaratmışdır.
Batut üzərində fərdi hərəkətlər
|
Batut metal yaylarla bərkidilən, çox möhkəm dartılmış və hörülmüş tordan ibarət bir alətdir. Gimnastlar batut üzərində təxminən 10 metrə qədər hündürlüyə tullanaraq havada ardıcıl və fasiləsiz 10 element yerinə yetirirlər. Proqramın nümayişi zamanı əsas hədəf torun mərkəzindən uzaqlaşmadan və mümkün qədər yüksəklikdə daha çətin elementlərin icrasıdır. İdmançı dönmələr, ayaqdan ayağa, ayaqdan belə, qarına doğru və ya qruplaşmış vəziyyətdə yüksək, fasiləsiz, ritmik tullanışlar yerinə yetirməlidir. |
Batut üzərində sinxron hərəkətlər
|
Kişi və qadınlar arasında yarışlarda 2 gimnast yanaşı yerləşdirilmiş iki batut üzərində eyni hərəkətləri yerinə yetirirlər və üzləri eyni tərəfə dayanmaqla çıxışa başlamalıdırlar. Onların hər ikisinin eyni istiqamətdə fırlanması və ya dönməsi tələb olunmur. |
İkili mini-batut
|
Bu alət uzun qaçış cığırının sonunda yerləşən iki – maili və düz batutdan ibarətdir. Yarış zamanı gimnast sürətlə maili batut istiqamətində qaçaraq ondan havaya atılmaq üçün istifadə edir, batuta enməzdən əvvəl bir neçə fırlanma və vint hərəkətlərini icra edir, və ikinci, adətən daha çətin dönmə və vint hərəkətlərinin seriyasını yerinə yetirmək üçün dərhal təkan götürür. İkinci element ikili mini-batutun arxasında yerləşən enmə döşəyinin üzərində sona çatır. |
Tamblinq
|
İdmançılar uzunluğu 25, eni 2 metr olan xüsusi akrobatika cığırında çevik, canlandırıcı baraban ritminə bənzər şəkildə fırlanma və dönmə elementlərini nümayiş etdirirlər. Gimnastlar dönmə və fırlanma elementləri seriyasının icrasına başlamazdan əvvəl sürət yığmaq üçün uzunluğu 10 metr olan qaçış zolağından istifadə edirlər. Akrobatika cığırının sonunda çıxışın kulminasiya nöqtəsi sayılan, adətən ən çətin və ən baxımlı element olan enmənin yerinə yetirilməsi üçün yumşaq enmə matları yerləşdirilir. |
- Yarış növü olmaqla yanaşı, bu idman növü həm də yaxşı fiziki formanı qorumağa kömək edir. Batut üzərində 1 saata yaxın tullanma, 250 kilokaloridən azad olmağa səbəb olur.
- Corc Nissen ixtira etdiyi batutu ilk dəfə nümayiş etdirərkən alətin üzərində kenquru ilə birlikdə hoppanmışdır.
- II Dünya müharibəsində pilotlara havaya qalxmaq hissini öyrətmək məqsədilə, batutdan istifadə olunub.
- Batut üzərində sinxron hərəkətlər, tamblinq və ikili mini-batut 4 ildən bir keçirilən Ümumdünya Oyunlarının proqramına daxil edilib.
- Batut yarışları zamanı sığortalayıcı şəxslərin olması vacibdir.