AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

QRUP 5-Cİ, QARAYEVA İSƏ 6-CIDIR

24.03.2008

Kiyevdə Dünya kuboku statusunda artıq ikinci dəfədir təşkil olunan “Deryugina kuboku-Neft-qaz” mükafatı uğrunda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilmişdir. Dünyanın 42 ölkəsindən ən güclü gimnastlar bu mötəbər turnirdə iştirak etmək üçün Kiyevə gəlmişdilər.

Azərbaycanı yarışlarda Aliyə Qarayeva, Anna Qurbanova, eləcə Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovadan ibarət qrup komandası təmsil edirlər.

Çoxnövçülük qrup yarışlarında qızlarımız 28.625 xal toplayaraq yeddinci yeri tutmuşlar. Birinci yeri İtaliya, ikinci yeri Rusiya, üçüncü yeri isə Ukrayna gimnastları qazanmışlar.

Çoxnövçülükdə 69.5 xal toplayan Aliyə Qarayeva qazaxıstanlı Aliyə Yusupovayla 7-8-ci yerləri bölüşmüşdür. Anna Qurbanova 65.6 xalla 14-cü olmuşdur. Birinci yeri isə rusiyalı Olqa Kapranova tutmuşdur.

Finallara gəlincə, Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovadan ibarət komandamız 5 iplə hərəkətlərdə 14.5 xal toplayaraq 6-cı yeri tutmuşdur. 3 halqa və 2 cüt gürzlə hərəkətlərdə Azərbaycan komandası 15.6 xalla 5-ci olmuşdur. Qızıl medallar Rusiya gimnastlarına qismət olmuşdur.

Aliyə Qarayeva iplə finalda 17.4 xal toplayaraq yenə də Aliyə Yusupova ilə 6-7-ci yerləri bölüşdürmüşdür. Halqa ilə Aliyə 17.525 xalla 6-cı olmuşdur. Gürzlərlə hərəkətlərin yekununa görə (17.65) o 6-cı yerə layiq görülmüşdür. Nəhayət, lentlə hərəkətlərdə Azərbaycan gimnastı 7-ci nəticə göstərib (16.6). Qeyd edək ki, bütün növlərdə ukraynalı Anna Bessonova qalib gəlmişdir.

Final yarışmaları izləmək üçün Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev tribunalara gəlmişdir. Həmçinin Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər komitəsinin nümayəndələri yarışmalar zamanı gimnastlarımıza fəal dəstək veriblər.

Kiyev turniri bir daha nümayiş etdirdi ki, bədii gimnastika idmanın gözəl və zərif növlərindən biri, eyni zamanda, kifayət qədər subyektiv növüdür və burada bəzən çox şey hakimlərin mövqeyindən asılı olur.Martın 29-30-da qrup komandamız, habelə Dinarə Gimatova və yunior Samirə Mustafayeva Fransanın Tiye şəhərində keçiriləcək Qran-pri və beynəlxalq turnirdə iştirak edəcəklər. Həmin günlərdə Zeynəb Cavadlı və yunior Səidə Abdullayeva Budapeştdə keçiriləcək daha bir beynəlxalq turnirdə qüvvəsini sınayacaqlar.