Artıq iki gündür ki, Polşanın Vrotslav şəhərində 10-cu Ümumdünya Oyunları start götürüb. 31 idman növünün təmsilçilərinin qatıldığı bu oyunlar çərçivəsində bədii gimnastika yarışlarına bu gün yekun vurulub. 24 fərdi gimnastın, o cümlədən Olimpiya iştirakçılarının da yer aldığı turnirdə ölkəmizi Ayşən Bayramova təmsil edib.
Millimizin gənc və perspektivli gimnastlarından olan Ayşənin, uzun müddətdir ki, qrup komandasında çıxış etməsinə baxmayaraq, bu oyunlarda o məhz fərdi proqramda mübarizəyə qatılıb. Maraqlı və çətin kompozisiyalarla izləyici qarşısına çıxan idmançımızın ilk nümayişi top və halqa ilə olub və o, müvafiq olaraq 12-ci və 15-ci yerdə qərarlaşıb. Daha sonra isə gimnastımız oyunlardakı son çıxışlarını yerinə yetirərək, gürzlərlə yarışı 17-ci, lentlə isə 18-ci yerdə başa vurub.
Qeyd edək ki, bir neçə gün sonra oyunlarda gimnastikanın digər növü – batut və tamblinq üzrə yarışlara başlanılacaq. Batut üzərində təmsilçilərimiz Svetlana Makştaryova və Veronika Zemlyanaya, tamblinq cığırında isə idmançımız Mixail Malkin öz bacarıqlarını nümayiş etdirəcəklər.