Bədii gimnastika üzrə millimizin azyaşlı gimnastları Kiyev şəhərində (Ukrayna) keçirilən beynəlxalq yarışda müxtəlif əyarlı medallar qazanıblar.
Onlardan Kamilla Əliyeva 2006-2007-ci il təvəllüdlü gimnastlar arasında iplə hərəkətlərinə görə gümüş medala layiq görülüb. Eyni yaş kateqoriyasında yer alan digər təmsilçimiz Alina Gözəlova isə topla gümüş medal əldə edib.
2008-2009-cu il yaş kateqoriyasında da komandamız medalsız qalmayıb. Belə ki, azyaşlı gimnastımız Məryam Əliyeva topla hərəkətlərində bütün rəqiblərini geridə qoyaraq, fəxri kürsünün ilk pilləsində qərar tutub. Bu yaş kateqoriyasında mübarizə aparan Ayşə Rəcəbli də iplə hərəkətlərinə görə bürünc medala layiq görülüb.
Gənclər arasında yarışan təmsilçimiz Dərya Farşbafşəhriyari isə ən yaxşı nəticəsini topla göstərərək, finalın bir addımlığında qərar tutub.