Bu gün, Sofiyada (Bolqarıstan) bədii gimnastika üzrə 36-cı Dünya Çempionatı öz işinə yekun vurdu.
Dünya birinciliyi uğrunda mübarizə aparan 36 qrup komandası arasında Azərbaycan gimnastları da iştirak ediblər. Ötən gün icra etdikləri hər iki kompozisiya üzrə finala adlamağı bacaran qızlarımız – Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətova bu gün yenidən xalça üzərinə çıxaraq öz güclərini bir daha nümayiş etdiriblər. Ən güclülərin mübarizə apardığı bu mərhələdə komandamızın halqa ilə çıxışları 20.100 xalla dəyərləndirilib. Bununla da onlar Dünya Çempionatının 5-cisi olublar. Gimnastlarımızın 3 top-2 ip ilə icra etdiyi digər final çıxışı isə onları 7-ci edib. Komandamız çoxnövçülük proqramında da sıralamada 7-ci yerdə qərarlaşıb.
Çempionatın bağlanış mərasimində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bayrağının bədii gimnastika üzrə növbəti Dünya Çempionatına ev sahibliyi edəcək Azərbaycana təqdim etmə mərasimi baş tutub. Federasiyanın bayrağı qurumun prezidenti Morinari Vatanabe tərəfindən Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz xanım Qurbanovaya təntənəli şəkildə təqdim edilib.
Çempionatın sonunda baş tutan Qala konsertdə isə millimizin üzvləri məhz Bolqarıstan musiqisinin sədaları altında möhtəşəm qala çıxışlarını icra edərək, yerli tamaşaçıların alqışlarını qazanmağı bacarıblar.