Azərbaycan Gimnastika Federasiyası ilin ilk beynəlxalq yarışına uğurla ev sahibliyi etdi.
16-17 fevral tarixlərində Milli Gimnastika Arenasında Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirildi. 30 ölkənin iştirakı ilə baş tutan turnirdə ümumilikdə 160-dan çox gimnast çıxış etdi.
2 gün davam edən yarışlarda dünyanın bir çox tanınmış gimnastları bu dəfə yalnız medallar uğrunda deyil, həm də Tokio Olimpiya Oyunlarına lisenziya xalları üçün mübarizə apardılar.
Kubok ilk olaraq tamblinqçilərin çıxışları ilə start götürdü. Yarışın əsas favoritlərdən olan gimnastımız Mixail Malkin gümüş medal qazanaraq, fəxri kürsünün ikinci pilləsində qərarlaşdı. Gimnastımız həmçinin, yarışlar boyunca ən yüksək icra xalını toplayaraq, “AGF Trophy” ilə də mükafatlandırıldı.
Daha sonra batutçular meydançanı təhvil alaraq, öz proqramlarını hakimlərə təqdim etdilər. Medalçılar sırasına isə sinxron və fərdi yarışlarda Yaponiya, Kanada, Çin, Belarus, Avstraliya, Braziliya və ABŞ təmsilçiləri adlarını yazdırdılar.
Yarışların nəticələri haqda daha ətraflı məlumatı buradan http://agf.az/ups/files/competitions/189/senchors_media.pdf əldə edə bilərsiniz.
Növbədə isə Bakı tamaşaçısını daha bir mötəbər yarış gözləyir. 14-17 mart tarixlərində Milli Gimnastika Arenasında İdman gimnastikası üzrə Dünya Kuboku baş tutacaq. Olimpiya Oyunları 2020-ə lisenziya xarakteri daşıyacaq bu kubokda 44 ölkənin təmsilçilərinin çıxışları gözlənilir.