Bu gün, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Çempionatının ən məsuliyyətli günlərindən biri yaşanıb.
24 ölkənin qrup hərəkətləri komandaları çoxnövçülük mübarizəsinə start verərək, finalçılar və Olimpiya Oyunlarına lisenziya qazanan komandaları müəyyənləşdiriblər.
Azərbaycanın qrup komandası Diana Əhmədbəyli, Aliyə Paşayeva, Ayşən Bayramova, Zeynəb Hümmətova və Dərya Sorokina hər iki kompozisiyanı mükəmməl şəkildə icra edərək, ümumilikdə 53.100 xal toplayıblar.
Bununla da qızlarımız, Olimpiya Oyunları Tokio 2020-yə lisenziyanı təmin etdilər.
Xatırladaq ki, çempionatın ötən günü, fərdi proqramda iştirakçımız Zöhrə Ağamirova çöxnövçülük xalları əsasında vəsiqəni əldə etmişdir. Bu da o deməkdir ki, 2020-ci il Tokioda baş tutacaq Yay Olimpiya Oyunlarında Azərbaycanın bədii gimnastları hər iki proqramda ölkəmizi təmsil edəcəklər.