Karantin günlərinin davam etdiyi və yarışların olmadığı bir dövrdə Azərbaycan və İsrailin bədii gimnastika üzrə yığma komandaları birgə onlayn yarışma keçirmək qərarına gəlib.
Belə bir yarışın təşkil edilməsində məqsəd hal-hazırda gimnastika yarışlarının keçirilmədiyi bir zamanda gimnastların yenidən yarış əhval-ruhiyyəsini hiss etməsi, maraqlı zaman keçirərək əylənməsi, eləcə də iki ölkənin komandası arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsindən ibarətdir.
“Battle” adlanan bu yarışda Azərbaycan və İsrailin Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanmış komandaları iştirak edəcək. Hər iki tərəfdən 1 komanda yarış zamanı gücünü sınayacaq.
Azərbaycan komandası milli şirniyyatlarımızdan olan paxlavanın adı ilə “Paxlava” komandası, İsrailin komandası isə bu ölkənin məşhur qəlyanaltısının adı ilə “Bamba” adlandırılıb.
Yarış zamanı gimnastlar bir neçə estafet oyununda iştirak edəcəklər. Oyunlar arası zamanda isə komandaların üzvləri bədii gimnastika alətləri ilə müxtəlif tapşırıqlar nümayış etdirəcəklər. Yarışın sonunda komandalara bədii gimnastikaya aid 10 sual veriləcək və onlar 2 dəqiqə ərzində sualları cavablandırmalıdırlar. Qalib gəlmiş komandanı isə sonda sürpriz gözləyir.
Əslində isə bu yarışda “qalib” sözü simvolik xarakter daşıyır. Burada hər kəs qalib hesab ediləcək, çünki yarışın məqsədi həm iki ölkə gimnastlarına, həm də izləyənlərə xoş əhval-ruhiyyə yaşatmaqdır.
Bədii gimnastların çox maraqlı ilk karantin yarışmasını 18 iyun Bakı vaxtı ilə 17:00-da (İsrail vaxtı ilə 16:00) izləyə bilərsiniz. Yarışma Azərbaycan Gimnastika Federasiyasının həm “Facebook”, həm də “Youtube” səhifələrində canlı yayımlanacaq.
İzləməyi unutmayın!