Avropa Gimnastikası Bakıda keçirilməli olan Avropa çempionatları ilə bağlı yekun qərarını elan edib.
Belə ki, təşkilatın İcra Komitəsinin ötən gün onlayn keçirilmiş iclasında kişi və qadın idman gimnastikası üzrə Avropa çempionatları müzakirə edilib.
Azərbaycan Gimnastika Federasiyasından bu ölkədə COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin sonunadək geniş miqyaslı tədbirlərin keçirilə bilməyəcəyi barədə məlumat aldıqdan sonra İcra Komitəsi sözügedən yarışların Bakıdan Türkiyənin Mersin şəhərinə köçürülməsinə qərar verib.
Çempionatların tarixi və formatı olduğu kimi qalacaq. Kişilərin qitə birinciliyinin 9-13 dekabr, qadınların yarışının isə 17-20 dekabr tarixlərində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, çempionatlar Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşımayacaq.