Azərbaycanın gənc gimnastları Yakutskda keçirilən "Asiyanın uşaqları" V Beynəlxalq idman oyunlarında müxtəlif əyarlı beş medal qazanıblar. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib ki, 14 yaşlı bakılı idmançı Nülufər Niftalıyeva möhtəşəm nəticəyə nail olub. Bu yaxınlarda Nijni Novqorodda keçirilən Avropa çempionatının bürünc mükafatçısı bu yarışın çoxnövçülükdə qalib olub! O, rus və qazax rəqibini, eləcə də turnirin daha 16 iştirakçısını geridə qoyub.
Ertəsi gün Niftalıyeva gürzlərlə finalda parlaq nəticə göstərib və yenə onun əsas rəqibləri yalnız gümüş və bürünclə kifayətlənməli olublar. Halqa ilə finalda isə yorğunluq öz sözünü deyib və Nülufər yarışı ikinci yerdə başa vurub.
Onun komanda yoldaşı Mənsurə Bağıyeva (1997-ci il təvəllüdlü) çoxnövçülükdə yeddinci olub, lakin iki finalda uğurla çıxış edib. Lentlə hərəkətləri ona gümüş mükafat qazandırıb, topla isə hakimlər bakılı gimnastı fəxri kürsünün üçüncü pilləsinə layiq görüblər.
Çoxnövçülükdə qələbə və proqramın bütün final mərhələlərində iştirak azərbaycanlı gənc gimnastların istənilən turnirdə rəqiblərlə mübarizə apara bilmək bacarıqlarını sübut edir. İlk yarımilliyin müsbət notda qurtardığını və irəlidə yalnız Olimpiadanın olduğunu nəzərə alsaq, güman etmək olar ki, Olimpiya Oyunlarından sonrakı aylarda da onlar uğurları davam etdirəcəklər.
Londonda yaxınlaşan mübarizəyə gəlincə, milli komandanın lideri Aliyə Qarayeva Moskvada hazırlığını gücləndirir. Aliyə oradan tezliklə Rusiya gimnastları ilə birlikdə Olimpiadada iştirak etmək üçün son təlim-məşq toplantısının keçirildiyi Şeffildə (Böyük Britaniya) yola düşəcək.