AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

İSRAİLDƏN İKİ GÜMÜŞ VƏ ÜÇ BÜRÜNCLƏ

11.03.2013

Azərbaycanın gənc gimnastı Jalə Piriyeva Qran-pri mərhələləri çərçivəsində beynəlxalq turnirlərdə uğurlu çıxışını davam etdirir.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, İsrailin Holon şəhərində keçirilmiş yarışlarda Bakının 13 yaşlı gimnastı 4 medal əldə edib!

O, üç dəfə fəxri kürsünün üçüncü pilləsinə (çoxnövçülük, gürzlər və lentlə hərəkətlərdə) qalxıb, turnirin başa çatması ərəfəsində isə topla tapşırıqda gümüş medala sahib çıxıb.

Ayşə Mustafayeva da yüksək əhval-ruhiyyə ilə Bakıya qayıdır. O, yaşca daha böyük gimnastlar arasında topla keçirilmiş yarışda ikinci yerlə kifayətlənib.

Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva hesab edir ki, üçüncü iştirakçımız Lalə Yusifova Qran-pri turnirində çox yaxşı çıxıb edib.

"Onun məqsədi finalçılar sırasına daxil olmaq idi və o, bu işin öhdəsindən əla gəldi. 17 yaşlı idmançını artıq mütəxəssislərin əksəriyyəti qiymətləndirə bilib və onun 4 mümkün finaldan 3-nə çıxması çox şeydən xəbər verir. Lalənin dördüncü olduğu topla tapşırığı məni çox sevindirdi və çox ümidləndirir. Onun 0.0166 balı çatmadı, bəlkə də bir az özünə inamı. Axı, o, Olimpiya oyunlarının iştirakçıları ilə birlikdə çıxış edirdi. Lakin Yusifova hər dəfə çıxışını təkmilləşdirir. Finalda gürzlərlə hərəkətlərdə o, 6-cı, çoxnövçülükdə 7-ci, lentlə tapşırıqda isə 8-ci nəticə göstərib. Deyə bilərəm ki, yeni proqram hamının xoşuna gəldi", Vasileva qeyd edib.

O bildirib ki, Vyanada keçiriləcək Avropa çempionatına üç aydan da az vaxt qalıb.

"Martın 15-17-də Polşada keçiriləcək "Baltic Cup" beynəlxalq turnirində mövqeləri qorumağa və nəticələri yaxşılaşdırmağa çalışacağıq. Həmin turnirdə gənc Züleyxa İsmayılova və yeniyetmələrdən ibarət qrup iştirak edəcək", bolqarıstanlı mütəxəssis əlavə edib.