Tanınmış gimnast, ikiqat Asiya oyunları çempionu, Afina və Pekin Olimpiya oyunlarının iştirakçısı Aliyə Yusupova Bakıda səfərdədir. Öz məktəbinin gimnastları ilə təlim-məşq toplantılarına gələn Yusupova proqramının gərgin olmasına baxmayaraq, vaxt tapıb Azərbaycan milli yığmasının üzvləri ilə görüşmüşdür.
Olimpiadalarda 4-cü və 5-ci yerləri tutan Aliyə böyük idmana gəlişindən söhbət açaraq demişdir: “Məni gimnastikaya adəti üzrə anam deyil, atam gətirib. Özü idmançı idi və təkid etdi ki, mən məhz bədii gimnastika ilə məşğul olum”.
Gimnastlar, xüsusən yeniyetmə idmançılar məşhur qonağa “İdmanda qarşınıza hansı məqsədi qoymuşdunuz?” sualından tutmuş “Həyat yoldaşınızla necə tanış olmusunuz?” sualınadək ən müxtəlif məsələlərlə maraqlanmışlar.
Yusupova demişdir: “Peşəkar idmanla məşğul olmağa başladığın andan qarşında bir məqsəd olur - Olimpiya çempionu olmaq”. O, Olimpiya oyunlarında çıxışdan əvvəl insanı bürüyən hissləri yaşamağı hər bir gimnasta arzulayaraq vurğulamışdır: “Sizin məşq etmək üçün çox gözəl şəraitiniz var, halbuki çoxlarının belə imkanı yoxdur. Odur ki, yalnız nəticə göstərmək qalır”.
Bakıda təlim-məşq toplantıları keçirmək imkanının yaradılmasına görə minnətdarlığını bildirən Yusupova Dünya Kubokunun Azərbaycan paytaxtında keçirilən mərhələ yarışlarında və dünya çempionatında çıxışlarını məmnunluqla xatırlayaraq demişdir: “Burada həmişə yaxşı qarşılayıblar. Onlar adamı elə ruhlandırır ki, xalçanı tərk etmək istəmirsən. Mən Bakıda fəxri kürsüdə çəkdirdiyim fotoşəkilləri indiyə kimi saxlayıram, onlar mənim üçün çox əzizdir”.
Görüşdə milli komandanın məşqçiləri Mariana Vasileva başda olmaqla iştirak etmişdir. Sonda Aliyə Yusupova Azərbaycan yığmasının üzvləri ilə xatirə şəkli çəkdirmişdir.