Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyasının təşkil etdiyi məşqçilər üçün Bakı kurslarının 13 iştirakçısı ikinci dərəcəli kateqoriya alıb.
Bir il əvvəlki birinci dərəcəli kurslarda olduğu kimi, daha yüksək nəticəni milli komandanın məşqçilərindən biri Yasena Kuyumciyeva göstərib. İkinci nəticəni Avstriyadan Qabriela Velkov-Yuzek, üçüncünü isə ölkə yığmasının baş məşqçisinin köməkçisi Yevgeniya Jidkova qazanıb.
Həmçinin Fatimə Şəfizadə, Jalə Qaratova, Mədinə Həsənova, Kamilla Məmmədova və Anastasiya Prasolovanın (hamısı yığmanın bazasında), Elnarə Hüseynova ("Neftçi"), Aleksandra Reyş ("Sərhədçi"), İsmayıllı, Göyçay və "Baku Flames"in bədii gimnastika bölmələrində çalışan Sultanə İbrahimzadə və Telanə Əliyeva (Bakı Gimnastika Məktəbi), həmçinin bolqarıstanlı iştirakçı Yekaterina Dulamova zəruri 65 faizdən yuxarı xal toplayıblar.
Seminara yekun vuran kursların rəhbəri, FIG-in alman eksperti Katya Klyaynvelt qeyd edib ki, məqsədə nail olunub, yəni seminar əsasən kiçik təcrübəyə malik mütəxəssislər, məsələn, hazırda məşqçi fəaliyyəti ilə çox sıx məşğul olmağı arzu edən dünənin gimnastları üçün nəzərdə tutulmuşdu.
Onun fikrincə, bir çox azərbaycanlı məşqçilər son zamanlar öz ixtisaslarını artırıblar: "Bir çox hallarda başqa ölkələrin komandalarının birgə məşq toplantılarını məhz Bakıda keçirmək cəhdini bununla izah etmək olar. Məsələn, bizim seminarımız zamanı başqa xalçalarda Qazaxıstan və Macarıstan gimnastlarının məşğələləri paralel gedirdi və mənim eşitdiyimə görə, hələ Meksikadan da idmançıların Bakıya gəlişi gözlənilir".
Almaniya nümayəndəsi, həmçinin həftəlik kursların yüksək səviyyədə təşkili və keçirilməsinə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını ifadə edib və gələn il Bakıda FIG Akademiyasının növbəti, amma artıq daha yüksək - üçüncü seriyada seminarının keçirilə biləcəyini istisna etməyib.