Ayla Əhmədova “Marsel Serdan” İdman Sarayından çıxan kimi, uzun müddət olmadığı Fransanın Levallua şəhərinin gözəlliyinə heyran qaldı.
Onu təəcübləndirən Eyfel Qülləsi və ya Triumfal arkaların gözəlliyi deyil, (lakin, o hələ vətəninə qayıtmazdan əvvəl bəzi məşhur yerləri görəcəyinə ümid edir) ötən həftə akrobatika gimnastikası üzrə yaş qrupları arasında keçirilən yarışlarda, həmçinin məşqlər zamanı nümayiş etdirilən akrobatik hərəkətlərin gözəlliyi oldu.
“Düzünü desəm, mən çıxış etdiyim dövrlə müqayisə etsəm, indi gördüklərim daha yaxşıdır”- deyə - 2008 və 2009-cu illərdə Dünya Çempionatlarında, həmçinin 2009-cu ildə Dünya Oyunlarında Dilarə Əliyeva ilə cütlükdə çıxış etmiş Azərbaycan gimnastı bildirib.
“İndi artistizm daha yaxşı olub. Yaş qrupları arasındakı yarışları izləyərkən çox təəccübləndim. Mənim çıxış etmədiyim 4 il ərzində hər şey yaxşılığa doğru dəyişilib” – deyə, o bildirib.
Əhmədova və Sultanova 2009-cu ildə Avropa Çempionatında yüksək nəticə göstərərək, temp hərəkətlərində yüksək xal toplamış, həmçinin balans hərəkətlərində ikinci yerdə qərarlaşmaqla, çoxnövçülükdə bürünc medal qazanmışdırlar. (“Mən o anları bugünki kimi xatırlayıram” – deyə, Əhmədova bildirib). O, böyük idmanla 2010-cu ildə vidalaşıb.
Onun artistizmi hiss etmək qabiliyyəti “Sirk De Soley”dəki yeni işinin sayəsində daha da artıb. O, bu sirkdə üçlüyün tərkibində “Varekai” adlı şouda çıxış edir. Akrobatika dünyasında Əhmədova daha bir yeni vəzifəni icra edərək, Beynəlxalq Gimnastika Federasiyasının akrobatika üzrə Texniki Komitəsində idmançıların maraqlarını qoruyur.
“Bir neçə gün öncə bizim görüşümüz olmuşdur” – deyə o bildirib. “Hər şey haqda danışmaq üçün yetərli vaxt olmadı, lakin idmançıları görüb, onlarla söhbətləşmək çox xoş idi”.
Əhmədovanın vətənində, gimnastika idman növü surətlə inkişaf etdirilir və akrobatika üzrə yığma komandaya digər ölkələrdən də idmançılar cəlb olunur.
Levalluada Azərbaycanı Lalə Hüseynova, Aynur Hüseynova və Nərmin Ramazanovadan ibarət qadın qrupu təmsil edir. İdmançılarımız ilk onluğa düşərək, Azərbaycanda keçiriləcək İlk Avropa Oyunlarında iştirak etmək üçün lisenziya qazanacaqlarına ümid edirlər. Bu Oyunlarda yalnız qarışıq cütlüklər və qrup komandaları iştirak edə bilər, buna baxmayaraq Əhmədova ölkəsində akrobatika gimnastikasına böyük ümid bəsləyir.
“Mənim ölkəmdə bədii gimnastika məşhurlaşır, akrobatika gimnastikasının da təbliği üçün çalışırıq”, - deyə o, bildirib. “Biz bunun üçün hər şey edirik”.
Qeyd edək ki, akrobatika üzrə Dünya Çempionatının təsnifat mərhələləri üzrə yarışlar cümə axşamı günü Fransanın Levallua şəhərində start götürüb.