Gimnastika növləri üzrə birgə Azərbaycan Çempionatının ikinci günü bugün Milli Gimnastika Arenasında yekunlaşdı. Günün yekunlarına əsasən, Azərbaycan gimnastlarının hesabına 1 qızıl, 2 gümüş və 2 bürünc medal yazıldı.
“Qızıl” medalı temp və balans hərəkətləriylə çıxış edən akrobatika üzrə qadın qrupu (Aynur Hüseynova, Lalə Hüseynova, Nərmin Ramazanova) əldə etdi. Onlar ümumi 53.975 xal toplayaraq, ilk pillədə yerləşdilər. İkinci yerdə isə 50.279 xal toplayan Almaniya təmsilçiləri qərarlaşdılar. “Gümüş” medalı ölkəyə akrobatika üzrə qarışıq cütlüyümüz (Anatoliy Leonov – Ulyana Diakova) qazandırdı. Onlar 2 hərəkətin cəminə görə 70.188 xal toplayaraq, ikinci yerdə qərarlaşdılar. Birinci yerdə Bolqarıstan təmsilçiləri, üçüncü yerdə isə Almaniya təmsilçiləri qərarlaşdılar.
Bədii gimnastlarımızın hesabına 3 medal yazıldı. 4 hərəkətin nəticəsinə əsasən 70.449 xal toplayaraq, “gümüş” medalı Marina Durunda qazandı. Üçüncü yerdə isə hakimlərdən 68.365 xal alan digər gimnastımız Gülsüm Şəfizadə qərarlaşdı. Çoxnövçülükdə çempion Rusiya təmsilçisi, ikiqat Dünya Çempionu Yana Kudryavtseva oldu (76.115).
Hesaba “bürünc” medalı bədii gimnastika üzrə böyüklərdən ibarət qrup komandasının 2-ci heyəti (Aliyə Paşayeva, Zeynəb və Səbinə Hümmətova, Nərminə Hüseynova, Cənnət Məmmədova, Emiliya Baqiyeva) yazdırdı. Qızlar 2 kompozisiya ilə çıxış edərək, 30.150 xal topladılar. Birinci yerdə Rusiyadan olan gimnastlar (35.266), ikinci yerdə isə Fransa təmsilçiləri (31.183) qərarlaşdılar.
Yarışların sonuncu günü Arenada gimnastikanın bütün növləri üzrə final mərhələləri keçiriləcək: bədii gimnastika (alətlərlə finallar), akrobatika (hərəkətlərə görə finallar), batut (fərdi və sinxron hərəkətlərə görə finallar), aerobika (qrup və qarışıq cütlüklərin finalları) həmçinin qadın və kişi idman gimanstikası (alətlərlə finallar).