AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Üç günlük çempionatının yekunları

10.03.2015

Milli Gimnastika Arenasında gimnastika növləri üzrə üç günlük Birgə Açıq Azərbaycan Çempionatı yekunlaşdı.

Öncədən xəbər verildiyi kimi, Oleq Stepko çoxnövçülük və 4 ayrı-ayrı alətlərdə (gimnastika atı, halqalar, parallel qollar, turnik) 5 qızıl medal qazandı. Petro Paxnyukun hesabında isə 4 gümüş medal oldu (gimnastika atı, halqalar, parallel qollar və çoxnövçülük).

Qadın idman gimnastları arasında Mariya Smirnova və Kristina Pravdina hərəsi iki qızıl medal qazanaraq fərqləndilər. Smirnova qızıl medalı dayaqla tullanma və sərbəst hərəkətlərdə, Pravdina isə qızıl medalı müxtəlif hündürlüklü qollarda qazanaraq, çoxnövçülükdə də mütləq Azərbaycan çempionu oldu.

Çempionatın gedişatında Azərbaycanın bədii gimnastı Marina Durunda parlaq qələbə qazandı. O lentlə hərəkətlərdə 18.250 xal qazanaraq qızıl medal əldə etdi. Bundan əlavə, onun hesabında 2 gümüş medal (top və gürzlər) və halqa ilə hərəkətlərdə bir bürünc medal oldu. Daha 2 bürünc medalı isə Gülsüm Şəfizadə əldə etdi (çoxnövçülük və top).  5 lent və  6 gürz-2 halqa ilə kompozisiyada iki gümüş medalı qrup hərəkətləri komandası qazandı. Qrup komandasının ikinci heyəti isə çoxnövçülükdə ümumi heasba bürünc medal yazdırdı.

Akrobatlarımız da öz qələbələri ilə bizi sevindirdilər. Akrobatika üzrə qadın qrupumuz (Aynur Hüseynova, Lalə Hüseynova, Nərmin Ramazanova) çoxnövçülük, temp və balans hərəkətlərində 3 qızıl medal əldə etdilər. Qarışıq cütlüyümüz (Diakova-Leonov) həmçinin 3 medal – balans və temp hərəkətlərində iki qızıl, çoxnövçülükdə isə bir gümüş medal qazandılar.

Oleq Piunov batut gimnastikasında fərdi çıxışda çempion oldu. Digər qızıl medalı isə o, İlya Qrişunin ilə birgə sinxron hərəkətlərdə hakimlərdən 48.600 xal alaraq əldə etdi.

İki bürünc medalı aerobika üzrə qarışıq cütlük və qrupumuz qazandı. Yekaterina Kotlyarova və Timur Ələkpərov 17.450 xal topladılar. Hakimlərdən 17.668 xal alan qrupumuz (Bosıx, Kotlyarova, Poleşuk, Koltunova, Ələkpərov) üçüncü oldular. 

Qarşıda gimnastlarımızı önəmli yarışlar gözləyir. Onların arasında  Açıq Azərbaycan Çempionatı ilə eyni formatda olan Avropa Oyunları da var. 

Açıq Azərbaycan Çempionatının nəticələri ilə buradan tanış ola bilərsiniz.