AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

2016-cı ilin yekunları

29.12.2016

Yola saldığımız il  Azərbaycan Gimnastika Federasiyası üçün bir çox əlamətdar hadisələrlə yadda qaldı. İlin yekunları 2016-cı ilin 26 dekabr tarixində baş tutmuş federasiyanın İcra Komitəsinin 28-ci iclasında müzakirə edildi. Həmçinin iclasda gimnastika növləri üzrə yığma komandaların baş məşqçilərinin təqdim etdikləri hesabatlar dinlənildi.

Cari ilin əvvəli - fevral ayının 19-21 tarixlərində Bakıda ilk dəfə olaraq, kişi və qadın idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kuboku, “AGF Trophy” təşkil olundu. Kubokda Azərbaycan gimastları Oleq Stepko 1 qızıl, 1 gümüş, 1 bürünc medal, Marina Nekrasova isə 1 bürünc medal əldə edərək fərqləndilər.

Növbəti sevindirici xəbər İsveçrənin paytaxtı Lozannadan gəldi. Azərbaycan Gimnastika Federasiyası iki il ardıcıl olaraq, fəaliyyətləri Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlara layiq görülən, fərqlənən federasiyaların reytinq siyahısına daxil oldu. 

İdman gimnastikasının ardınca, 5-6 mart tarixlərində paytaxtımızın ilk dəfə ev sahibliyi etdiyi batut gimnastikası üzrə Dünya Kuboku baş tutdu. Ölkəmizdə cəmi 3-cü ildir ki, inkişaf edən batut gimnastikası üzrə yarışlarda Azərbaycan ilk dəfə üç final mərhələsində təmsil olundu. 

İlin tarixi medallarını Çinin Putian şəhərində baş tutan akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında 12-18 və 13-19 yaş kateqoriyasında təmsil olunan Azərbaycan gimnastları qazandılar. Qarışıq cütlük Nurcan Cabbarlı – Ağasif Rəhimov və kişi cütlüyü Seymur Cəfərov - Murad Əkpərov yarışların gümüş medalını əldə etdilər.

31 mart – 3 aprel tarixlərində isə İspaniyanın Valladolid şəhərində batut gimnastikası, tamblinq və ikili mini batut üzrə 25-ci Avropa Çempionatı keçirildi. İkili mini batut üzrə yarışlarda debüt çıxışımız ölkəyə bürünc medal gətirdi. Dmitriy Fedorovski fəxri kürsünün 3-cü pilləsinə yüksəldi. Mixail Malkin də ilk dəfə olaraq Avropa Çempionatında tamblinq üzrə yarışlarda finala vəsiqə qazanaraq, 8-ci oldu.

Ölkəmizdə 2013-cü ilin sonlarından inkişaf etməyə başlayan aerobika gimnastikası üzrə yığma komandamızın üzvləri də ilk dəfə olaraq, 13-19 iyun tarixlərində, Cənubi Koreyanın İnçeon şəhərində keçirilən Dünya Çempionatında iştirak etdilər.

23-26 iyun tarixlərində Portuqaliyanın Anadiya şəhərində “Challenge” seriyasına aid idman gimnastikası üzrə FIG Dünya Kubokunda Azərbaycan himnini sevimli aləti olan parallel qollarda qızıl medala layiq görülərək Oleq Stepko səsləndirdi.

İyul ayında Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən ilk milli brend “SmartScoring”in rəsmi səfiri seçildi.

22-24 iyul tarixlərində isə Azərbaycanın 4-cü dəfə ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı baş tutdu. Milli komandanın lideri, Marina Durunda Milli Gimnastika Arenasında təşkil edilən yarışların bürünc medalına layiq görüldü.

Avqust ayında Rio de Janeyroda təşkil olunan Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycanı kişi idman gimnastikası üzrə yarışlarda ilk dəfə olaraq 2 gimnast - Oleq Stepko və Petro Paxnyuk təmsil etdilər. Bundan əlavə, Oleq daha bir ilkə imza ataraq, yarışların çoxnövçülük finalında iştirak etdi. Bədii gimnastımız Marina Durunda da güclü rəqabət şəraitində keçən çoxnövçülük üzrə yarışlarda dünyanın ən güclü 10 gimnastı sırasında yer aldı.

Beynəlxalq idman tədbirlərilə zəngin olan 2016-cı ili Azərbaycan Gimnastika Federasiyası ümumilikdə 48 medalla (10 qızıl, 23 gümüş, 15 bürünc) başa vurdu.

Oktyabr ayında Tokioda baş tutan Beynəlxalq Gimnastika Federasiyasının 81-ci Konqressində həmin qurumun Apellyasiya Tribunalına seçkilər keçirildi və Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq əlaqələr üzrə meneceri, Mehman Əliyev 64 səslə sözügedən tribunala üzv seçildi. 

İlin önəmli hadisələrindən biri də Azərbaycanın  gimnastika tarixində ilk dəfə olaraq, kişi idman gimnastikası üzrə hakim Rza Əliyevin, Slovakiyanın Bratislava şəhərində keçirilmiş Qitələrarası Hakimlik Kurslarında iştirak edərək, ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasını əldə etməsi oldu.

Əlbəttə, hər il olduğu kimi bu il də (24 dekabr), gimnastika növləri üzrə yığma komandaların iştirakı ilə hazırlanmış “Bremen Musiqiçiləri” adlı möhtəşəm yeni il şousu öz izləyicilərinə unudulmaz anlar yaşatdı.

Son olaraq isə, federasiyanın işçi heyəti, o cümlədən məşçqi və gimnastlar 25 dekabr tarixində artıq onlara doğma olan Milli Gimnastika Arenasına toplaşaraq, bayramı ənənəyə sadiq qalaraq birgə qeyd etdilər. Tədbirdə 2016-cı ilin nəticələri üzrə Azərbaycan Gimnastika Federasiyasının reytinq siyahısına görə: 1-ci yer Oleq Stepko, 2-ci yer Nurcan Cabbarlı-Ağasif Rəhimov cütlüyü, 3-cü yer isə Murad Əkpərov-Seymur Cəfərov cütlüyü; İlin “10 ən yaxşı gimnastı” reytinq siyahısına görə Marina Durunda, Dmitriy Fedorovskiy, Səməd Məmmədli, Arzu Cəlilova, Nərmin Ramazanova, Aynur Hüseynova, Lalə Hüseynova, Zöhrə Ağamirova, Nərminə Səmədova; İlin ən yaxşı məşqçisi İradə Qurbanova; İlin ən yaxşı hakimi Rza Əliyev; İlin ən yaxşı xoreoqrafı Kamil Quliyev; İlin ən yaxşı tibb işçisi Aydın Ağalıyev və İlin ən yaxşı meneceri Nurlana Məmmədzadə fərqlənərək, diplomlarla təltif olundular.

Bundan əlavə,  dekabrın 26-da Gənclər və İdman Nazirliyi 2016-cı ildə nailiyyət qazanan idmançılara, məşqçilərə və komandalara mükafatlar təqdim edib. Marina Durunda və Oleq Stepko da ilin yekunlarına görə ən yaxşı idmançı adına layiq görülərək, mükafatçılar sırasına daxil oldular. Bədii gimnastika üzrə yığma komandamızın məşqçi və hakimi Natalya Bulanovaya isə “Ədalətli Oyun Prinsiplərinə Sadiq Hakim” nominasiyası üzrə diplom təqdim edildi.

Bununla da, məhz birlik və bərabərliyi öz işlərində hər zaman tərənnüm etməyə çalışan Gimnastika Federasiyası heç də asan keçməyən 2016-cı ili uğurla başa vurdu.