Moskvaətrafı Dmitrovda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilmişdir.
Azərbaycan Gimnastika Federasiyasının verdiyi məlumata görə, idmançılarımız arasında ən yaxşı nəticəni 1995-96-cı il təvəllüdlü gimnastlar arasında çıxış edən Ayşə Mustafayeva əldə etmişdir.
O, iplə finalda 5-ci yeri, lentlə final hərəkətərində 8-ci yeri, çoxnövçülükdə isə 14-cü yeri tutmuşdur. Həmin yaş qrupunda Yuliya Syomuşkina 22-ci yeri tutmuşdur.
1998-99-cu il təvəllüdlü idmançıların yarışında Cənnət Məmmədova 9-cu, Ləman Dadaşlı isə 20-ci mövqedə qərarlaşmışlar.
Daha bir idmançımız Gülsüm Şəfizadə Dnepropetrovskda beynəlxalq turnirdə çıxış etmişdir.
1997-98-ci il təvəllüdlü idmançılar arasında çoxnövçülük üzrə finalda 6-cı nəticəni göstərmişdir.
Azərbaycan hakimi Natalya Bulanova isə Ukrayna turnirinin təşkilat komitəsi tərəfindən “Miss hakim” adına layiq görülmüşdür.