AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

YENİYETMƏLƏRDƏN İBARƏT QRUP KOMANDA İSRAİL TURNİRİNDƏ “GÜMÜŞ” QAZANDI

27.04.2009

Azərbaycanın yeniyetmələrdən ibarət qrup komandası İsrailin Holon şəhərində təşkil olunmuş beynəlxalq turnirdə gümüş medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətindən verilən məlumata görə, yarışların ilk günü qızlarımız 5 lentlə 23.425 bal toplayaraq Rusiya və İsrail komandalarından sonra üçüncü olublar.

“Növbəti gün isə Səbinə Abbasova, Nigar Əbdüsəlimova, Yevgeniya Jidkova, Ayelita Xələfova, Kamilə Məmmədova və Lalə Məhərrəmova daha yaxşı çıxış edərək, 23.85 bal qazandılar və nəticədə komanda ikinci yeri tutdu. Xalça sahibləri İsrail gimnastlarından geri qalan gimnastlarımız Rusiya və Bolqarıstan kollektivlərini üstələdi. Bu turnir mənim yetirmələrim üçün 15-17 may Bakıda keçiriləcək Avropa çempionatı astanasında son turnir və yaxşı sınaq oldu”, - deyə komandanın baş məşqçisi Mariana Vasileva bildirib.

Holonda, həmçinin bədii gimnastika üzrə Qran-pri seriyasından turnir keçirilib. Burada Aliyə Qarayeva və Anna Qurbanova ip və topla finalda çıxış ediblər. Aliyə iki dəfə 4-cü olaraq, bürünc medalın bir addımlığında qalıb, Anna isə topla 5-ci, iplə 6-cı yeri tutub. Qarayeva və Qurbanova çoxnövçülükdə müvafiq olaraq, 7-ci və 9-cu yerləri tutublar.

Fəxri kürsünün ən yüksək pilləsinə rusiyalı Yevgeniya Kanayeva qalxıb. Onun komanda yoldaşı Darya Kondakova 2-ci, İrina Risenzon (İsrail) 3-cü nəticəni göstəriblər.

Azərbaycanı Bakı avroturnirində təmsil edəcək üçüncü gimnast – Zeynəb Cavadlı Mariborda (Sloveniya) keçirilmiş Dünya kuboku yarışlarında qüvvəsini sınayıb.

Təsnifat mərhələsinin nəticələrinə görə o, iki finalda iştirak etmək hüququ qazanıb. Beləliklə, Zeynəb ip və halqa ilə hərəkətlərin icrasında 7-ci nəticəni göstərib. Gimnastımız çoxnövçülük yarışlarını 28 gimnast arasında 9-cu yerdə başa vurub. Yarışların qalibi adını isə rusiyalı gimnast Olqa Kapranova qazanıb. 2-ci və 3-cü yerləri müvafiq olaraq, belarus gimnastları Melitina Stanyuta və Lyubov Çarkaşina tutublar.

Bu həftə gimnastlarımız Appenin yarımadasına yola düşəcəklər. 1-3 may tarixlərində İtaliyanın Pesaro şəhərində keçiriləcək Dünya kuboku mərhələsinə Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlı, həmçinin böyüklərdən ibarət qrup komandası yola düşəcək.