AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

ANNA QURBANOVA İSPANİYA QRAN-PRİSİNDƏ 4-CÜ OLMUŞDUR

01.06.2009

Marbelyada (İspaniya) bədii gimnastika üzrə Qran-prinin yeddinci finalöncəsi mərhələsi başa çatmışdır. Burada Azərbaycan idmançısı Anna Qurbanova çıxış etmişdir.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, çoxnövçülük üzrə təsnifat yarışlarının nəticələrinə əsasən 2009-cu il Avropa vitse-çempionu 4 mümkün finaldan 3-nə vəsiqə qazanmışdır.

O, ən yaxşı nəticəsini final yarışlarında lentlə hərəkətlərdə göstərərək 4-cü yeri tutmuş və üçüncü yerdə qərarlaşan İrina Risenzondan (İsrail) 0.2 xal geri qalmışdır.

İplə hərəkətlərdə Qurbanova 5-ci (26.75), halqa ilə hərəkətlərdə isə 6-cı (26.85) olmuşdur.

Bütün növlərdə Olimpiya çempionu, Bakıda keçirilən Avropa çempionatında qalib gəlmiş rusiyalı Yevgeniya Kanayeva birinci olmuşdur. “Gümüş” onun komanda yoldaşı Darya Kondakovanın olmuşdur. Bürünc medallara gəldikdə isə, onlardan üçü Aliyə Yusupovaya (Qazaxıstan) və Melitina Stanyutaya (Belarus) nəsib olmuşdur.

Moskvaətrafı Şerbinkada isə MDB dövlətlərindən olan yeniyetmə gimnastların iştirakı ilə beynəlxal yarış keçirilmişdir. 1999-cu il təvəllüdlü gimnastlar arasında çıxış edən Ləman Hacızadə və Nahidə Əhmədli müvafiq olaraq ikinci və üçüncü yerləri tutaraq fəxri kürsünün 2/3-i bölüşdürmüşlər.

Bu həftənin sonunda isə (5-6 iyun) bu gimnastlar və onların həmyaşıdları paytaxtın ən güclü gimnastı adı uğrunda mübarizə aparacaqlar. Olimpiya İdman Kompleksində keçiriləcək Bakı çempionatında 5 yaş qrupunda 95 gimnast, həmçinin müsabiqədən kənar şəkildə Gəncə şəhərinin idmançıları çıxış edəcəklər (1994-95, 1996-97, 1998, 1999, 2000-01-ci il təvəllüdlü gimnastlar).

Beynəlxalq turnirlərə gəldikdə isə, 5-7 iyunda Polşada Baltic Cup turniri keçiriləcək. Burada Vəfa Hüseynova, Dina Qorina, Anastasiya Prasolova, Valeria Yeqay, Ceyla Quliyeva və Nigar Mirzəyevadan ibarət qrup komandamız iştirak edəcək.