Azərbaycan gimnastı Aliyə Qarayeva Pekində keçirilən olimpiyaqabağı test turnirində yaxşı nəticə göstərmişdir.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmət bildirir ki, Qarayeva təsnifat çoxnövçülük yarışlarında 16 iştirakçı arasında 3-cü yeri tutaraq (68.775 xal), finala vəsiqə qazanmışdır. O, yarışların həlledici mərhələsində proqramın 4 növü üzrə topladığı xalların ümumi sayına görə rəqiblərindən bir bal artıq qazanaraq 3-cü pilləyə sahib olmuşdur. Aliyə ayrı-ayrı növlərdə - halqa ilə kompozisiyaya görə ikinci, ip, gürz və lentlə hərəkətlərə görə isə üçüncü nəticəni göstərmişdir. Birinci yeri Olqa Kapranova (Rusiya), ikinci yeri isə Anna Bessonova (Ukrayna) qazanıblar.
Azərbaycan gimnastı yarışların yekunlarına həsr olunmuş mətbuat konfransında Çin Xəbərlər Agentliyi müxbirinin sualına cavabında demişdir: “Bürünc medal almağıma hələ də inana bilmirəm. Başa çatmaqda olan il mənim üçün çox uğurlu olmuşdur. Mən Avropa çempionu, qitə və dünya çempionatının bürünc mükafatçısı, Qran-pri yarışlarının mükafatçısı olmuşam. Ümidvaram ki, uğur gələn il də üzümə güləcəkdir. Çünki mən daha səylə və inadla məşq edəcəyəm”.
Test turniri 2008-ci il Pekin Olimpiadası yarışlarının bir növ güzgüsüdür. Çünki Olimpiadada bədii gimnastika üzrə medallar yalnız çoxnövçülükdə oynanılacaqdır.
Azərbaycanın Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Anastasiya Makarovadan ibarət qrup komandası ikinövçülük yarışlarında 10-cu yeri tutub (30.35).
Mətbuat xidməti onu da bildirir ki, gimnastlarımızın çıxışlarını başda Yaşar Əliyev olmaqla Azərbaycanın Çindəki diplomatik nümayəndəliyinin əməkdaşları, habelə bu ölkədə təhsil alan çoxsaylı azərbaycanlı tələbələr dəstəkləmişlər.
Səfir Yaşar Əliyev Aliyə Qarayevanın bürünc medal alması münasibətilə təşkil etdiyi qəbulda gimnastlara, məşqçilərə və Federasiyanın rəhbərliyinə xatirə olimpiya medalları bağışlamışdır. “Arzu edirəm ki, bu xatirə hədiyyələrinə Olimpiadada qazandığınız medalları da əlavə edə biləsiniz”, - deyə səfir qeyd edib.
Müsahibə
Azərbaycanlı gimnast: “AGF Junior Trophy” turniri bizim üçün Avropa çempionatına hazırlıq məqsədi daşıyır Ukraynalı gimnast: Birinci olmaq istəyirəm Morinari Vatanabe: Azərbaycan Gimnastika Federasiyasının uğuru - Birinci vitse-prezident Mehriban Əliyevanın məqsədyönlü strategiyasının nəticəsidir
Arxiv
2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 2016 2017 2018 2019 2020